Bazar istirahəti: kabab, yoxsa kitab?

Bazar istirahəti: kabab, yoxsa kitab?
5 Dekabr 2016
Mətni dəyiş
Məhəmməd Talıblı
Sosial bizneslə bağlı bir araşdırma üzərində işləyirdim. Bir neçə mənbədən istifadə etməyi nəzərdə tutmuşdum. Bu sırada iqtisadiyyat “Nobel” mükafatı lauratı Muhammad Yunusun “Kasıbların bankiri” kitabın həftə sonu yekunlaşdırcağım mənbə arasında idi. Əsər çoxsəhifəli (300) olmaqla, ağır yaşantıları təsvir edən  tarixi şəraiti və mürəkkəb iqtisadi problemləri açma gücünə sahibdir. Əsərdə 60-90-ci illəri Banqladeşlə bağlı yoxsulluq dərinliyi, səfalət və ağır həyat şərtləri çox həssaslıqla təsvir olunub. Olduqca kədərli həyat səhnələri ilə zəngin olan bu əsərdən ayrılmaq olduqca çətindir. Bazar günü kitabla bağlı qeydlərimi sistemləndirməli idim.
Amma yenə də yaxınların zaman “piroqumuzdan” oğurluğu cəhdləri... Ad gününə getməliyik. Yəni, belə günlərdə ənənəyə çevrilmiş kabab yeməyə və tort kəsməyə. Ozüdə ilin-günün bu vaxtında. Çünki, indi kabab da boğazdan keçmir. Seymur Həzi, Fuad Qəhrəmanlı, Tale Bağırzadə və yüzlərlə nahaqq yerə azadlıqların qurban verənlər həbsxana çörəyi yesinlər, biz kabab? Onlar çöldəkilər üçün azadlıq uğrunda fədakarlıqlar etsinlər, biz də azadlıqda cocuklarımızın ad günlərində “pir” qələbələri üçün tost deyək? Xeyr! Bu alınmız. Eyni dəyərləri bölüşənlər eyni həyat tərzlərində bölüşməlidirlər. İndi elə ictimai münasibətlər sistemindəyik ki, insan bəzən özünün şəxsi uğurlarına belə sevinməyə utanır. Bəli, sevinməkdən utanmaq!
Ad gününü təxirə salmaq iradəsi daxili tərəddüdümə güc gəlir. Amma daha bir seçim qarşısında dayandım. Bu dəfə yazıçı-filosof Əlisa Nicatın növbəti kitabının təqdimatı və yaxın çevrəsi ilə görüşə dəvət edildim. Dəvəti sosial şəbəkədə təsdiq də etmişəm. İkinci alternativə üstünlük verdim. Səbəb? Əvvəla, vicdanın hökmü qarnın tələbatını üstələmirsə, mənəviyyat zədələnir. İkincisi, Əlisa Nicat həyatda var olan canlı ensklopedik bilik səviyyəsi olan yaradıcı insandır. Ondan öyrənə biləcəyim çoxdur.
Əlisa Nicat məmur üstünlüyü olan və yaradıcılığını bizlərə sırımağa cəhd edən Yazıçılar İttifaqının üzvü deyil. Onun əsərləri bahalı keyfiyyətlə dövlət vəsaitləri hesabına çap olunmur. O, evini sataraq əsərlərini çap xərcini qarşılayan elm fədaisidir. Yazıçılar İttifaqının sədri, katibi və digər rəhbər heyətdə oturaraq kitabının təqdimatına büdcə təşkilatlarında çalışanları zorla qatılmasına razı olan məmur-yazıçı “gücü” də yoxdur. Əlisa Nicatın oxucu gücü yalnız təmiz vicdanının çağrışına gələn insan ola bilər. Biz olmasaq, kim olacaq? Axı, Əlisa Nicat özü də müsahibələrində yazıb ki, bu xalqın 1000 nəfər üzvü var və mən yalnız həmin min nəfərə güvənirəm. Həmin 1000 nəfər də laqeyd olsa, daha millətimizin sayı neçə olar?
Arada televiziyalarda yazıçı-məmurların qırmızı yalanlarının rənginə baxırsan. Həmin rəng üzlərindən də  tünd olub. İllərlə istedadlarını buxovlayan uydurduqları yalanları əsər adı altında millətin mədəsində üyüdüblər. Onların görüşünə gedənlər həmin yalanları yalayanlardır. O yalanları bölüşməyənlər onları çoxdan boykod ediblər.
Digər bir qütbdə dayanan ədəbi nəslin tamam fərqli nümayəndələridir. Onların dövlətdən heç bir umacaqları yoxdur. Mükafat və digər təminat gözləntiləri də yox. Ədəbiyyatın nökərləri kimi başlarını aşağı salıb külünc vururlar. Başa düşürlər ki, onları əvvəl-axır görəcəklər. Dik duruşuqları ilə oxucularının gözündə canlı nümunələrin ölməsinə imkan vermirlər. Cəmiyyətin ümidlərin puç etmirlər. Yalnız oxucusunun vicdanıdır onların istinad yeri. Həmin istinadlar uçsa, nə olar? Millətin əvvəlcə dizi əsər, sonra isə qaməti bükülər.
Ona görə Əlisa Nicatla görüş daxili ehtiyacımın tələbatı kimi vazkeçilməz idi. Görüş saatı həmin məkanda idim. Kiçik bir kitabxana və kubar bir mühitdir. Sakitlik şəraitində kitab seçənlərin sakit ayaq səsləri çətinliklə eşidilir. Biri-birinə toxunmayacaq qədər nəzakətlə hərə bir tərəfdə durub kitab rəflərinə baxır. Uzaq bir küncdə Əlisa müəllim gözə dəyir. Kitabın alıcısı üçün ürək sözü yazır. Amma ətrafına hələ yenicə cəm olan onlarla sayıla biləcək gənclər gözə dəyir. Yaşlı nəslin nümayəndələrindən olan iki tanıdığım insan var. Mövqeyi olan və hər zaman hörmətlə yanaşdığım professor Bəhman Sultanlı ilə əhatələnib Əlisa bəy. Gənc xanımın bir sualı görüşün başlaması üçün vəsilə oldu. Üç saatlıq sual-cavab formasında görüş oldu. Bu görüşdən aldığım mənəvi həzz səhər yeməyini Almaniyada, şam yeməyini Frankfurtda yeməkdən artıq idi. Görüş yekunlaşdı. Bərbəzəkdən uzaq yazıçı sadəliyi yenə özünü göstərdi. Kitabxanada bir güşəyə çəkilib kiçik çevrə ilə çay süfrəsi arxasında söhbətə davam etdik. Əlisa müəllim dünya filosoflarını oraya gətirdi. “Ruhların söhbəti”nin tamaşaçısı kimi onları kənardan seyr etdik. Bu gerçəkdən də bazar istirahəti idi. Gərək insanlarımıza istirahətin yalnız kabab yeməkdən ibarət olması zövqünü başqa mənəvi-estetik formalarla əvəz olunması alternativini də təqdim edək. Kim nəyə qərar versə, bu onun seçimi və mahiyyəti olacaq.
Bu bazar günümü yola vermədim, yaşadım deyə bilərəm. Çünki, həyat müşahidələri ilə yox, yaşantıları ilə gözəldir.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun