Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvü, heykəl məhbusu Bayram Məmmədovun cinayət işi üzrə məhkəməsi başa çatıb. Eynulla Vəliyevin sədrlik etdiyi hakimlər kollegiyası nidaçı gəncə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.
Abzas.net xəbər verir ki, Bayram Məmmədov son sözünü deyərkən hakim Eynulla Vəliyev bir neçə dəfə onun sözünü kəsərək aidiyyatı üzrə çıxış etməsini tələb edib. Bayram Məmmədov isə cavabında məhkəmənin sifarişli və saxta olduğunu, həbsinin əsl mahiyyəti üzrə çıxış etdiyini bildirib.
Hakim heyəti Bayram Məmmədovun Heydər Əliyevi, polisləri və hakimiyyətin siyasətini sərt sözlərlə tənqit etməsinə dözməyərək son sözü sona qədər dinləmədən məhkəmənin müşavirəyə getdiyini elan edib. Bayram Məmmədov bundan sonra çıxışını hakimlər olmadan davam eləyib. Bu zaman Penitensiar Xidmətin işçiləri gəncin qollarını arxadan qandallayıblar.
Məhkəmə qərarı oxunan vaxt Bayram Məmmədov üzünü məhkəmə heyətinə çevirərək qərara etirazını bildirib.
Bayram Məmmədovun vəkili Elçin Sadıqov qərarı siyasi sifariş adlandırıb.
Qeyd edək ki, Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə bu il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.
Qiyas İbrahimov oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.
Hər iki gəncin Heydər Əliyevin doğum günü heykəlinə "Qul bayramınız mübarək" yazdıqlarına görə həbs edildiklərini güman edilir.
[video width="576" height="320" mp4="http://abzas.net/wp-content/uploads/2016/12/video-1481202894.mp4"][/video] [video width="576" height="320" mp4="http://abzas.net/wp-content/uploads/2016/12/video-1481202854.mp4"][/video] [video width="576" height="320" mp4="http://abzas.net/wp-content/uploads/2016/12/video-1481202897.mp4"][/video]