Bakıda güneyli milli fəal Mürtəza Muradpura həsr olunan tədbir keçirilib [Fotolar]
23 Dekabr 2016
Mətni dəyiş
Bakıda bir qrup gəncin təşkilatçılığı ilə 22 dekabrda Güney Azərbaycanda həbs olunan və hazırda aclıq aksiyası keçirən milli fəal Mürtəza Muradpura həsr olunan konfrans keçirilib.
Tədbirdə M.Muradpurun Güneydə soydaşlarımızın hüquqları uğrunda apardığı fəaliyyəti, qanunsuz həbsi ilə bağlı geniş məruzələr dinlənilib.
Həmçinin milli fəalın qardaşı Fərdin Muradpurla da internet vasitəsi ilə canlı bağlantı qurulub. F.Muradpur qardaşının səhhətinin daha da ağırlaşdığını bildirib. M.Muradpurdan aclığı dayandırması üçün israr edilsə də, milli fəal mübarizəsini dayandırmayacağını bəyan edib.
Qeyd edək ki, M.Muradpur hazırda Kərəc zindanında saxlanılır. O etnik azlıqlar haqqında hazırkı qanunvericiliyin təkmilləşdirilməsi və mövcud qanunvericilikdə boşluqların aradan qaldırılması üçün keçirilən aksiyaları dəstəklədiyi üçün İran hökuməti tərəfindən həbs edilib. Məqsədi, İran İslam Respublikasının vətəndaşları olan Azərbaycan türkləri üçün ana dilində təhsilə nail olmaqdır.
Milli fəal həm də ətraf mühit məsələlərinə də biganə qalmayıb, Urmiya gölünün səhralaşmasına da etirazını bildirib.
İran cəza məcəlləsinin 134-cü bəndinə əsasən onun cəza müddəti 2 ildən çox olmamalıdır. Buna baxmayaraq, İran hökuməti 134-cü bəndin həyata keçirilməsini təmin etmir və onu qanunsuz olaraq həbsdə saxlamaqda davam edir.
Özünün ədalətsiz həbsinə etiraz olaraq M.Muradpur aclıq aksiyasına başlayıb və İran hökumətindən İran cəza məcəlləsinin 134-cü bəndinin həyata keçirilməsinin və onun azadlığa buraxılmasını tələb edir.
O azadlığa buraxılana qədər aclıq aksiyası keçirəcəyinə söz verib. 57 günlük aclıq aksiyası nəticəsində 44 kiloqram çəki itirib. Səhhəti ilə bağlı ciddi problemlər yaranan milli fəal böyrək xəstəliyindən də əziyyət çəkir.