"Azadlıq" qəzeti hakimiyyətin şərləyərək həbs etdiyi siyasi məhbusdur

"Azadlıq" qəzeti hakimiyyətin şərləyərək həbs etdiyi siyasi məhbusdur
9 Dekabr 2016
Mətni dəyiş
"Artıq 3 aydır ki, "Azadlıq" qəzeti işıq üzü görmür. Qaranlıq qüvvələr "Azadlıq"ı qara zindana məhkum ediblər. Əgər bu ölkədə "Azadlıq"lar çox olsaydı, bu müraciətə o qədər də ehtiyac duymazdıq. Təssüflər olsun ki, "Azadlıq" kökü kəsilməkdə olan azad sözün son nümayəndəsidir".
Bu fikirlər "Azadlıq" qəzeti kollektivinin beynəlxalq və yerli ictimaiyyətə ünvanladığı müraciətdə yer alıb. Müraciətdə daha sonra deyilir:
"Dekabrın 24-də "Azadlıq" qəzetinin 27 yaşı tamam olacaq. 27 ildir ki, bu qəzet ailələrə həqiqət daşıyır, vətəndaşı təhlükələrdən xəbərdar edir, prinsiplərə xəyanət etmədən fəaliyyət göstərir. Amma ölkədə korrupsiyanın, saxtakarlığın, ədalətsizliyin doğulmasına xidmət edənlər, "Azadlıq"ı 27-ci doğum gününü qeyd etməyə əngəl yaradırlar. "Azadlıq"a qarşı sifarişli məhkəmə hökmlərilə cərimələr ödətdirdilər, qəzeti maliyyə dəstəyindən məhrum etdilər, qəzetin əməkdaşlarını şərləyərək həbsə atdılar. Amma düşmənçilik bitmədi və qəzetin bütün çətinliklərə sinə gərərək ayaqda qalmasına dözmədilər. Əvvəlcə "Azadlıq"ın maliyyə direktorunu gülünc ittihamlarla həbs etdilər, daha sonra süni əngəllərlə, qəzetin çapına süni hüquqi maneələr yaratdılar. 3 aydır ki, "Azadlıq" qəzeti dalana dirənib və qəzetin çapına hüquqi maneələr yaradılıb.
"Azadlıq" qəzeti mövcud hakimiyyətin şərləyərək həbs etdiyi siyasi məhbusdur. 27 yaşlı qəzetin "əllər"ini qandallayıblar. Əlbəttə ki, qəzetin elektron versiyası fəaliyyətdədir və bizi susdurmaq mümkün olmayıb. Amma qəzetin kağız versiyasının böyük önəmi var və cəmiyyəti informasiya qıtlığından, dezinformasiyalardan xilas etmək üçün "Azadlıq"ın çapı mütləqdir.
Biz ölkə və dünya ictimaiyyətinə müraciət edirik, azad sözün son qalasının dağıdılmasına imkan verməyin. "Azadlıq" qəzetinin əməkdaşları aylarla əməkhaqqı ala bilmir, təzyiqər altında fəaliyyət göstərir, qəzetə 70 min manat borcu olan "Qasid" firması ödənişdən imtina edir. Qəzetin Nəşriyyata külli miqdarda borcu yaranıb. Yəni, biz qəzetin çapında şəxsi maraqlar naminə israrlı deyilik. "Azadlıq" qəzetinin çapı bizim maddi imkanlarımızın artmasına, qazanc əldə etməyimizə xidmət etmir. Biz bu qəzetin çapını ümummilli maraqlar naminə istəyirik. Cəmiyyətin işıqsız qoyulmasına, vətəndaşların azad sözdən məhrum edilməsinə qarşıyıq. Faktiki olaraq Azərbaycanda "Azadlıq"dan başqa müstəqil qəzet yoxdur. Bu, kifayət qədər mühüm faktdır və buna göz yummaq ədalətsizlikdir. Bu qəzet 27 ildir şərəflə yol gəlir. Bu qədər xidməti olan qəzetin qapadılması və buna biganəlik nümayiş etdirilməsi ədalətsizlikdir.
Biz beynəlxalq hüquq-müdafiə təşkilatlarına, beynəlxaql qurumlara səslənirik ki, səsimzin boğulmasına imkan verməyin. Yerli ictimaiyyətə isə demək istəyirik ki, hamımızın qəzeti olan "Azadlıq"ın itkisilə barışmayaq. "Azadlıq" bir kollektivin ərsəyə gətirdiyi, amma bütün cəmiyyətin bəhrələndiyi qəzetdir. Hamınızın döyə biləcəyi qapıya qıfıl vurulub və bu qıfılı mütləq qırmaq lazımdır.
Bu siyasi məhbusun da hüquqlarını qorumaq lazımdır. Həm də bu siyasi məhbus bütün siyasi məhbusların səsinə çevrilib, bütün haqqı tapdananların yanında olub. "Azadlıq" doğum günlərini öldürülmüş kağız parçaları arasında qeyd etməməlidir. Ümid edirik ki, qəzetin düşdüyü ağır vəziyyətdən çıxması üçün yerli və beynəlxalq ictimaiyyət əlindən gələni əsirgəməyəcək".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun