5 Dekabr 2016
Mətni dəyiş
Avropa Məhkəməsinə gedən daha bir sənəd “Azərpoçt” tərəfindən itirilib. Bu haqda vəkil Əsabəli Mustafayev bildirib.
“Bu, Bəhruz Həsənovun işi üzrə kommunikasiya sənədləridir. Noyabrın 15-də mən Azərpoçt vasitəsilə Avropa Məhkəməsinə 2 məktub göndərmişdim. Biri kiçik idi və texniki məsələ ilə bağlı idi. Digəri isə iri həcimli idi. Burada Bəhruz Həsənovun kommunikasiya sənədləri idi. Bir müddət sonra Azərpoçtun saytına baxanda məlum oldu k, kiçik məktub çatıb. Digər məktub barədə isə bazada məlumatın olmadığı göstərilmişdir. Bizim praktikada bu həmin sənədlərin oğurlanması deməkdir” – Əsabəli Mustafayev deyib.
“Mən bu barədə Avropa Məhkəməsinə faks göndərmişəm. Eyni zamanda Rabitə Nazirliyinə və Azərpoçta şikayət ərizələri yazmışam. Azərpoçtun nümayəndəsi mənimlə danişiqda bu məktub barədə olarda hələ məlumatın olmadığını bildirdi. Kommunikasiya sənədləri Məhkəmənin təyin etdiyi günə qədər göndərilməlidir. Əks təqdirdə işin siyahıdan çıxarılması təhlükəsi var. Ona görə biz məcbur olub daim məktubun çatıb-çatmamasını izləməli oluruq. Əlbətdə sənədləri təkrar göndərəcəyik və bu işdə heç bir problem olmayacaq. Çünki artıq Məhkəməni baş vermiş oğurluqla bağlı məlumatlandırmışam. Sadəcə əlavə maliyyə, vaxt və qüvvə itkisidir”, – Əsabəli Mustafayev deyib.
Qeyd edək ki, bundan əvvəl vəkil Nemət Kərimli “Azərpoçt”un Avropa Məhkəməsinə gedən sənədləri oğurlaması problemini qaldırıb. “Azərpoçt” Avropa Məhkəməsinə gedən azı 3 şikayətin “çeşidləmə vaxtı itirildiyini” rəsmi sənədlə etiraf edib. Digər vəkillər – Elçin Sadıqov və Yalçın İmanov da onların Avropa Məhkəməsinə şikayətinin “itirildiyini” açıqlayıblayıblar.
Vəkillər hesab edir ki, müxtəlif poçtlarda eyni məzmunlu məktubların itirilməsi təsadüfə oxşamır və burada hakimiyyətin əli ola bilər.
“Ola bilər ki, hakimiyyət tapşırıq verib ki, şikayət ərizələrinin bir qismi Avropa Məhkəməsinə çatdırılmasın. Əks təqdirdə poçt orqanları bu pozuntuya risk etməzdi”, – Nemət Kərimli deyib.