Azərbaycanın qaz layihəsinin mafiya əlaqələri üzə çıxdı

Azərbaycanın qaz layihəsinin mafiya əlaqələri üzə çıxdı
18 Dekabr 2016
Mətni dəyiş
Britaniyanın “Guardian” qəzeti Cənub Qaz Dəhlizi layihəsinin tikintisinə cəlb edilən şirkətlərin mafia və kartel əlaqələri ilə bağlı hesabat dərc edib. Yazıda həmçinin Azərbaycanda insan haqlarının ağır durumundan da bəhs edilir. Məqalənin xülasəsini təqdim edirik. Avropa inkişaf bankları kartel, korrupsiya və mafia ilə tarixi bağlantıları olan bir neçə şirkət tərəfindən tikilən qaz boru kəməri üçün həcmi 6.8 milyard dollardan çox olan ən böyük investisiyalarından birini təklif edir. 3500 km-lik “cənub qaz dəhlizi” Avropa Birliyi liderləri tərəfindən enerji təhlükəsizliyinin təminatçısı kimi görülür. 2020-ci ilədək Azərbaycandan Avropaya qaz nəqlinin başlanması nəzərdə tutulur. Avropa komissiyası “prioritet” layihə kimi qeydə aldıqdan sonra Avropa İnvestisiya Bankı (EIB) Trans-Adriatik boru kəməri üçün 2 milyard avro və Trans-Anadolu Təbii Qaz Boruxətti Layihəsi üçün 1 milyard avro nağd pul təklif edib. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) da 1.5 milyard avro borc verməyi nəzərdə tutur. “Bankwatch” hesabtında adı keçən italyan prokurorlarının bildirdiyinə görə, 45 milyard dollarlıq boru xəttinin tikintisi üçün cəlb edilən 3 italyan şirkəti keçmişdə mafia əlaqələrinə malik olub. Boruxəttinin təxminən 760 km-ni tikən Bonatti kompaniyasının filialı “mafia diskvalifikasiyası” xəbərdarlığı ilə xidmət göstərdikdən sonra 2010-cu ildə ictimai kontraktlara təkliflər verməyinə italyan polisi tərəfindən əngəl gətirilib. Siciliyadakı Bonatti filialının iki işçisi isə mafia əlaqələrinə görə keçən il həbs edilib. Bonatti “Bankwatch” hesabatını şərh etməkdən boyun qaçırıb. Dövlət rəqabət komitəsi boruxəttini tikən 3 şirkəti kartel əlaqələrində ittiham etdikdən sonra keçən yay Avropa Komissiyası Yunanıstanda 13.5 milyon avroluq regional maliyyələşməni müvəqqəti dayandırıb. Bu şirkətlərdən biri – Ellaktorun rəhbəri Leonidas Bobolas haqqında Avropada keçən ilin mayına qədər həbs qərarı var idi. Onun vəkilləri deyib ki, hələlik müştərilərinə qarşı ittiham irəli sürülməyib, ancaq istintaq davam edir. Bobolas həmçinin vergidən yayınanların “Laqard” siyahısında yer alıb. Vəkillərinin dediyinə görə 18 ay əvvəl yunan hökuməti ilə adminstrativ razılaşma əldə edildikdən sonra bu məsələ aradan qalxıb. Layihə üçün Avropadan kənardan da maliyyə cəlbinə hazırlıq gedir. Bu ay Dünya Bankı 1 milyard dollar kredit ayırıb, Asiya İnfrastruktur İnvestisiya Bankı isə 600 milyon dollar verəcəyini təsdiq edib. Asiya İnkişaf Bankı BP tərəfindən həyata keçiriləcək Şah Dəniz qaz yatağının genişləndirilməsi işinə görə keçən həftə Azərbaycana 1 milyard dollarlıq borc verib. Azərbaycanda insan haqlarının durumu bərbad vəziyyətdədir. Ancaq ölkənin 2.5 trilyon kubmetr təbii qaza malik olduğu düşünülür ki, bu da önümüzdəki onilliklərdə Avropanın qaz tələbatının beşdə birini təmin etməyə kifayət edir. Hüquq müdafiəçisi və keçmiş vicdan məhbusu Rəsul Cəfərov İlham Əliyev rejiminin rəhbərliyi altında konstitusional azadlıqların pisləşməsini neft-qaz pulları ilə əlaqələndirib. “Azərbaycana neft və qazdan pullar daxil olmayanda biz daha çox demokratiya və azadlıqlara sahib idik. Neftdən əsas gəlirlər 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan boruxətti işə başladıqdan sonra gəldi və bundan sonra vəziyyət pisləşməyə doğru getdi”, – deyə Rəsul Cəfərov qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun