2 Dekabr 2016
Mətni dəyiş
Müəllif Konfutsinin mətnlərinin kontekstlərini bərpa edərək qədim filosofun əslində nə demək istədiyini oxucuya anladır
“Hüquq Yayın Evi” nəşriyyatında filosof Müşfiq Ötgünün “Tanımadığımız Konfutsi” kitabı çapdan çıxıb. Kitab Konfutsinin söhbətlərinin toplandığı qədim mənbə “LunYü”nün azərbaycan dilinə (ilk dəfə olaraq) tərcüməsi və fəlsəfi interpretasiyası əsasında yazılıb.
Kitab Azərbaycanda ilk dəfə Çin fəlsəfəsi haqda fundamental əsər sayıla bilər.
Fəlsəfə tarixinin ən məşhur simalarından olan Konfutsinin təlimi və şəxsiyyəti barədə xəsis (və çox zaman yanlış) dərslik məlumatlarından dolayı şüurlarda Böyük Müəllimin tamamilə qeyri-adekvat obrazı formalaşıb: pedant, quru ritualçı, hökmdara it sədaqəti nümayiş etdirən və böyüklər qarşısında mənəvi köləlik boyunduruğunu təbliğ edən bir adam kimi.
Müəllif Konfutsinin mətnlərinin kontekstlərini bərpa edərək qədim filosofun əslində nə demək istədiklərini oxucuya anlatmağa çalışıb. Kitab “Lun Yü” mətninə paralel olaraq 20 fəsildən ibarətdir. Üz qabığı və dizayn Ruhulla Həsənzadənindir.
Kitabın müəllifi Müşfiq Ötgün (Müşfiq Yarəhməd oğlu Şükürov) 1968-ci ildə anadan olub. Fəlsəfə üzrə fəlsəfə doktoru, dosentdir. AMEA Fəlsəfə İnstitutunun “Etika” şöbəsinin aparıcı elmi işçisidir. Şərq fəlsəfəsi üzrə ixtisaslaşıb. “Siyasi idrak və mənəvi imperativ” (2004) monoqrafiyasının müəllifi, Xəlil Cübranın “Peyğəmbər” əsərinin (2009), Buddanın “Dhammapada”sının (2013) tərcüməçisidir.
Kitabın təqdimatı 11 dekabr 2016-cı il tarixində saat 11.00-da “Everest” Tədris mərkəzində olacaq.