Vaşinqtondakı Azərbaycan səfirliyi yeni seçilmiş prezident Donald Trump-ın otellərindən birində şənlik təşkil edir. Yəhudilərin Hanuka bayramına həsr olunan tədbirin digər təşkilatçıları Amerika Yəhudiləri Qurumları Prezidentlərinin Konfransı və bir sıra başqa yəhudi qruplarıdır.
Fürsət
"Eurasianet" portalının yazdığına görə, tədbir dekabrın 14-də yenicə istifadəyə verilmiş "Trump International Hotel"də baş tutacaq. "The Times of Israel" qəzeti yazır ki, yeri Azərbaycan səfirliyi Ağ evə yaxın olduğundan icarəyə götürüb. Həmin axşam Ağ evdə də prezident Barack Obama-nın iştirakıyla son Hanuka şənliyi keçirilir.
"Eurasianet" vurğulayır ki, D.Trump-ın müsəlmanlara, eləcə də yəhudilərə münasibətini nəzərə alsaq, özünü fərqli mədəniyyətləri əhatələyən ölkə kimi tanıtmağa çalışan Azərbaycan bu fürsətdən yararlanaraq, hər kəsi bir araya gətirən ölkə rolunu oynamış olur.
"Azərbaycan azadlığa görə şöhrət qazanmayıb, amma bu keçmiş Sovet respublikası yəhudilərlə dostluq edən nadir müsəlman ölkələrindən biri kimi tanınır. İsraillə Azərbaycan uzun illərdir silah alveri edir, kəşfiyyat xidmətləri dostcasına əməkdaşlıq edirlər", - məqalədə oxuyuruq.
"Açıq-aşkar yaltaqlıq"
Ancaq sayt Azərbaycanın bu seçiminin yəhudi təşkilatlarının heç də hamısını razı salmadığını vurğulayır. "Bu qərarı, ən yaxşı halda, "səssiz ton", ən pis halda, "açıq-aşkar yaltaqlıq" adlandırmaq olar". Bunu Yenilənmiş İudaizm Birliyinin prezidenti Rick Jacobs "Haaretz" qəzetinə müsahibəsində deyib. Onun fikrincə, bayram üçün həm biznes fəaliyyətiylə məşğul olan, həm də prezident olmağa hazırlaşan D.Trump-ın obyektinin seçilməsi ləyaqətli addım deyil.
Qonaqlığın xərclərini üzərinə götürən Azərbaycan səfirliyi bu tənqidə reaksiya verməyib.
"Eurasianet" saytı Azərbaycan rəsmilərinin öz prezidentlərinin ailəsinin biznes maraqlarıyla bağlı ittihamlara alışıq olduğunu yazır. Müəllifin fikrincə, səfirliyi maraqlandıran indi başqa şeydir. İnsan haqlarının durumuna görə tez-tez qınanan Azərbaycan öz imicini yaxşılaşdırmaqdan ötrü əyləncələrə və lobbiçiliyə həmişə pul xərcləyir. Hanuka bayramının təşkili də cəmiyyətin nüfuzlu fəalları və yeni ABŞ prezidentinin gözünə yaxşı görünmək istəyən ölkədən ötrü bir fürsətdir.
Prezidentə təsir vasitəsi
Tədbirə D.Trump-ın qızı Ivanka Trump və onun əri, əslən yəhudi olan Jared Kushner-in qatılıb-qatılmayacağı, hələ ki, bəlli deyil.
"Eurasianet" saytı Ivanka Trump-ın Azərbaycanı tanıdığını, onun 2014-cü ildə Bakıya, "Trump International&Tower"in tikintisinə baxmağa getdiyini xatırladır.
Ekspertlərin fikrincə, D.Trump-a məxsus obyektlərdən pullu istifadə prezidentə təsir vasitəsi kimi qiymətləndirilə bilər. Seçki kampaniyası zamanı D.Trump rəqibi H.Clinton-u onun fondunun xarici bizneslə əlaqəsinə görə qınamış, özü də hakimiyyətə gələn kimi biznesini uşaqlarının ixtiyarına verəcəyini demişdi.
Elə Azərbaycan səfirliyinin keçirəcəyi Hanuka bayramından bir gün sonraya-dekabrın 15-ə D.Trump-ın mətbuat konfransı planlanıb. Bu konfransda o, biznesini tərk etməsi barədə detallı bilgi verəcək.