28 Dekabr 2016
Mətni dəyiş
2016-cı il – sistemin böhranı
1. Martın 17-də amnistiya ilə əlaqədar çox sayda siyasi məhbusun azad edilməsi prosesi başlayıb.
2. Martın 30-31-də prezident İlham Əliyev Vaşinqtonda vitse-prezident Co Bayden, dövlət katibi Con Kerri və başqaları ilə danışıqlar aparıb.
3. Aprelin 1-4-də Dağlıq Qarabağda döyüş əməliyyatları başlayıb, Azərbaycanın əvvəlcədən işğal edilmiş ərazilərin ayrı-ayrı hissələri üzərində nəzarəti bərqərar etməsi ilə yekunlaşıb.
4. Aprelin 3-də prezident Əliyevin ailəsinin gizli offşor biznesindən bəhs edən Panama dosyesi yayılıb.
5. Mayın 10-da gənc fəallar Bayram Məmmədov və Qiyasəddin İbrahim Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” şüarı yazıb.
6. İyulun 19-da “Nardaran işi” üzrə məhkəmə iclası başlayıb.
7. Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya düzəlişlər üzrə, xüsusən yeddiillik prezidentlik müddətinin, vitse-prezidentlik institutunun tətbiqi haqqında düzəlişlər üzrə referendum keçirilib.
8. Oktyabrın 2-də Roma Papası Fransisk Bakıya gəlib.
9. Dekabrın 6-da Azərbaycan prezidenti İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ni təsdiq edib.
10. Dekabrın 13-də və 16-da İsrailin baş naziri Benyamin Netanyahu və Rusiya baş nazirinin müavini Dmitri Roqozin Azərbaycana səfər edib.
2016-cı ilin yekunu
2016-cı il Azərbaycanda, dərin sosial-iqtisadi və ya daha dəqiq desək, sistemli böhran yaşayan bir ölkəyə yaraşdığı kimi, ziddiyyətli hadisələrlə yadda qalıb.
İlk mühüm hadisə kimi, şübhəsiz, martda start götürmüş siyasi məhbusların azad edilməsi prosesini göstərmək olar. Bu proses yayda yüz nəfərlik siyahıya daxil olan şəxslərin əksəriyyətinin azadlığa çıxması ilə yekunlaşıb.
Amma dövlət və vətəndaş cəmiyyəti arasındakı münasibətlərdə başlamış istiləşmə inkişafını tapmadı, bu, Nardaran qəsəbəsində “Müsəlman Birliyi” hərəkatının tərəfdaşlarının və sadəcə dindarların qorxudulması üzrə polis əməliyyatı zamanı həbs edilənlərin, ümumilikdə 100-dən çox insanın işi üzrə məhkəmə prosesinin başlamasında özünü göstərdi. Bu kontekstdə Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” etiraz şüarı yazan iki gəncin sərt cəza alması da səciyyəvidir. Məhkəmə hökmü həddindən artıq sərt oldu, bu da onun ölkə prezidentinin istəyi ilə diktə olunduğunu göstərir. Gənclərin cavabı adekvat oldu – onlar əməllərinə görə peşman olmadılar. Ölkə üçün qeyri-adi olan bu hadisə Əliyev administrasiyası və cəmiyyət arasında yaranmış gərginliyin yüksək dərəcədə olduğunu göstərir.
Rejimin əleyhdarlarının işləri üzrə məhkəmə prosesləri ilə yanaşı, onun keçmiş müdafiəçilərinin işləri üzrə məhkəmə iclasları da keçirilib. Müttəhimlər kürsüsündə Milli Təhlükəsizlik Nazirliyinin, Rabitə Nazirliyinin, Azərbaycan Beynəlxalq Bankının yüksək vəzifəli əməkdaşları əyləşib. Məhkəmə prosesslərinin gedişatı rejimin müalicəsi çətin olan ciddi daxili xəstəliklərini üzə çıxarıb.
Başa çatmaqda olan ildə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün hökumətə vətəndaş cəmiyyətinin normal fəaliyyəti üçün maneələrin aradan qaldırılması haqqında tələbi də həllini tapmayıb. Tələblərin yerinə yetirilməsi müddəti marta qədər uzadılıb.
ABŞ-ın, Avropa İttifaqının maraqlarını nəzərə alaraq, daxili və regional təhlükəsizlik mövzusu təyinedici mövzulardan biri idi. Ölkədə ilin sonlarına yaxın elan edilmiş islahatlar haqqında qərarların qəbul edilməsinə martın sonlarında prezident İlham Əliyevin Vaşinqtona səfəri zamanı start verilib. Səfər zamanı ABŞ rəhbərliyi ilə məsləhətləşmələr aparılıb. Hakimiyyətin bütün qollarının operativ olaraq yenidən təşkil edilməsini və hakimiyyətin ardıcıllıq yolu ilə keçməsinin daha etibarlı konstruksiyasını təmin edən konstitusiyaya dəyişikliklər haqqında referenduma bu məsləhətləşmələrin nəticəsi kimi baxmaq olar.
İkinci mühüm hadisə isə 2017-ci ilin yazında start götürməli olan islahatların anons edilməsi oldu. Əliyevin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin zəmanətli olmasına aprelin 3-də yayılmış, prezidentin gizli ailə biznesindən bəhs edən “Panama dosyesi”, Avropa Şurası Parlament Assambleyası deputatlarının öz tərəfinə çəkilməsi ilə bağlı qalmaqal, ABŞ-da qəbul edilmiş Maqnitski Aktı təsir göstərə bilər.
Elə alındı ki, Vaşinqton səfərinin başa çatmasından dərhal sonra Azərbaycan ordusu aprelin əvvəllərində hərbi gücün nümayişinə yönəlmiş, müəyyən dərəcədə uğurla başa çatan fövri hərbi əməliyyat həyata keçirir. Bu hadisə nizamlanma prosesinə Ermənistanın mövqeyində daha konstruktiv notlar bəxş etdi, bu, münaqişə barədə yenidən düşünülməsində və tərəflərin barışığı yollarının müzakirəsində özünü büruzə verdi.
Roma Papası Fransiskin multikultural missiya ilə səfərini də buraya aid etmək olar. Bu, rejimin bəyan edilən multikultural ideologiyası ilə üst-üstə düşür. Vatikanın katolik dünyasında nüfuzunu nəzərə alsaq, Müqəddəs Taxtın müsəlman ölkəsinin islahat başlanğıclarına xristian dünyasının əlavə dəstəyini təmin etmək üçün böyük imkanları var.
Və nəhayət, İsrail baş naziri Benyamin Netanyahunun və Rusiya baş nazirinin müavini Dmitri Roqozinin ilin sonuna doğru Bakıya təcrübi-rəmzi səfərlərini qeyd etmək lazımdır. Səfərlər Qərbin və Rusiyanın Azərbaycanda böhran vəziyyətinə uyğunlaşdırılmış yanaşmalarını göstərmək və ölkədə 2017-ci il üçün planlaşdırılmış və ölkə konstitusiyasına dəyişikliklərin və qəbul edilmiş institusional və iqtisadi islahatlar proqramının diqtə etdiyi gələcək dəyişikliklərə dəstək ifadə etmək məqsədi daşıyırdı.
Turan Analitika Xidmət