Avropa Məhkəməsi Azərbaycandan göndərilən şikayətləri araşdırır

Avropa Məhkəməsi Azərbaycandan göndərilən şikayətləri araşdırır
26 Dekabr 2016
Mətni dəyiş
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) informasiya azadlığı hüququnun pozuntusu ilə bağlı Azərbaycandan göndərilmiş 10-dan artıq şikayəti araşdırmağa başlayıb.
Şikayətlər hökumətin ictimai vəsaitlərin xərclənməsi ilə bağlı bilgiləri qapalı tutması ilə bağlıdır. Həmin işlərin hamısında dövlət qurumlarına informasiya sorğusu göndərilib. Ancaq həmin sorğulara ya cavab verilməyib, ya da şikayətçilərin iddiasına görə, verilən cavablar istənilən bilgiləri tam əhatə etməyib.
Azadlıq Radosunun xəbərinə görə, araşdırılan işlər Media Hüququ İnstitutu, İqtisadi Təşəbbüslərə Yardım, Azad İqtisadiyyata Yardım, Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsi, jurnalistlər Rövşən Hacıyev, Yaşar Ağazadə, Natiq Ədilov, hüquqşunaslar Fariz Namazlı və Xalid Ağaliyevin şikayətləri ilə bağlıdır.
İnformasiya sorğularını Dövlət Neft Şirkəti, Nazirlər Kabineti, AzTV, Milli Məclis, Səhiyyə Nazirliyi və Bakı Dövlət Universiteti cavablandırmayıb.
AİHM-ə göndərilən şikayətlərdə Avropa Konvensiyasının 6 (ədalətli məhkəmə araşdırması), 10 (ifadə azadlığı) və 13-cü (effektiv müdafiə vasitələrinin olmaması) maddələrinin pozuntusunun tanınması istənilib.
AİHM-ə şikayətləri Media Hüququ İnstitutu (MHİ) hazırlayıb, göndərib. Şikayətçiləri MHİ təmsil edir.
Məhkəmə, Azərbaycan hökumətinə şikayətlərlə bağlı suallar göndərib. Hökumət sualları gələn ilin mayınadək cavablandırmalıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun