8 Dekabr 2016
Mətni dəyiş
"Biz birləşmək, dinc toplaşma və ifadə azadlıqlarına məhdudiyyətlərin artması barədə məlumatlardan narahat oluruq. Hüquq müdafiəçilərinin təhlükəsizliyi ilə bağlı vəziyyət narahatlıq doğurur. İştirakçı dövlətləri bu problemlərin həllini tapmağa çağırıram".
Dekabrın 7-də axşam Hamburqda ATƏT ölkələrinin vətəndaş cəmiyyəti qurumlarının Paralel Konfransına qatılan ATƏT sədri Frank-Walter Steinmeier belə deyib.
Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilir. Toplantıdan əvvəl hüquq müdafiəçiləri ATƏT məkanındakı problemləri vurğulamaq məqsədilə konfrans keçiriblər. Konfransın təşkilində azərbaycanlı hüquq müdafiəçiləri də iştirak ediblər. Hüquq müdafiəçisi Rəsul Cəfərov sədarətdə təmsil olunub.
F.W.Steinmeier qeyd edib ki, vətəndaş cəmiyyəti insan azadlıqlarına, demokratiya və qanunun aliliyinə hörmətin təmin edilməsində həlledici rol oynayır: "Bizim fəaliyyətimizdə vətəndaş cəmiyyətinin fikrindən istifadə olunub".
Konfransın yekun iclasında Avstriyanın xarici işlər nazirinin müavini Michael Linhart da iştirak edib. Avstriya 2017-ci ildə ATƏT-də sədrliyə başlayır.
Bundan başqa, görüşdə ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Dunja Mijatović də iştirak edib.
Tədbirə ATƏT ölkələrindən 100-dən çox vətəndaş cəmiyyəti nümayəndəsi qatılıb. Onlar ATƏT-in və onun institutlarının fəaliyyətinin yaxşılaşdırılmasına yönəlmiş konkret tövsiyələri müzakirə ediblər. İştirakçılar həmçinin "Hamburq bəyannaməsi" qəbul edərək, vətəndaş cəmiyyətinin müdafiəsinə və genişləndirilməsinə çağırıblar.
Vətəndaş cəmiyyətinin tövsiyələri dekabrın 8-də ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasının iştirakçılarına da təqdim edilib.