Apellyasiya Məhkəməsi Qiyas İbrahimovun vəkilinin vəsatətlərini təmin etməyib

Apellyasiya Məhkəməsi Qiyas İbrahimovun vəkilinin vəsatətlərini təmin etməyib
26 Dekabr 2016
Mətni dəyiş
Bu gün Bakı Apellyasiya Məhkəməsində Vüqar Məmmədovun sədrliyilə gənc fəal Qiyas İbrahimovun şikayətinə baxılıb. İclas zamanı müdafiə tərəfinin 10 vəsatətinin heç biri təmin edilməyib.
Vəkil Elçin Sadıqov Q.İbrahimovun şüşə qəfəsdən çıxarılıb vəkillə yanaşı oturması barədə vəsatət qaldırıb. Çünki şüşə qəfəsin içində olan Q.İbrahimov zalda baş verənləri eşitmir.
Vəkil Q.İbrahimovun təqsirsizlik prezumpsiyasının pozulması ilə əlaqədar DİN nümayəndəsinin məhkəməyə çağırılması barədə vəsatət qaldırıb.
Sonra E.Sadıqov Q.İbrahimovdan götürülən narkotik maddənin üzərindəki barmaq izlərinin və əməliyyatda iştirak edən polis əməkdaşlarının barmaq izlərinin ekspertizadan keçirilməsi barədə vəsatət qaldırıb.
Həmçinin vəkil məhkəmə qərarı qüvvəyə minənə qədər Q.İbrahimovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb.
Bundan əlavə, E.Sadıqov Bakı Baş Polis İdarəsinin əməkdaşı Şirəli Babayevin məhkəməyə çağırılması barədə vəsatət qaldırıb. Belə ki, o heç bir səlahiyyəti olmadan bu iş üzrə ekspertiza təyin edib.
Vəkil Q.İbrahimovun saxlanmasında iştirak edən digər polis əməkdaşlarının çağırılması barədə vəsatət qaldırıb. Lakin hakim vəsatətlərin heç birini təmin etməyib.
Vəkil deyib ki, vəsatətlərin təmin edilməməsi ilə əlaqədar müdafiə tərəfi Ali Məhkəməyə kassasiya şikayəti verəcək. Hakim növbəti məhkəmə iclasını dekabrın 29-na təyin edib.
NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov bu il mayın 10-da Heydər Əliyevin abidəsinin üzərində siyasi şüarlar yazdıqdan sonra həbs olunublar. Ancaq onları qanunsuz narkotik maddə dövriyyəsində ittiham edərək hər birini 10 il azadlıqdan məhrum ediblər.
Amnesty International təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu “vicdan məhbusları” elan ediblər.
Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik maddə ittihamı saxtalaşdırılıb.
“Yeganə məqsəd gəncləri siyasi fəaliyyətə görə cəzalandırmaq olub”,- Amnesty İnternational hesab edir

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun