ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump Azərbaycanla yanaşı, Gürcüstandakı layihələrini də dayandırıb.
Müşahidəçilər əmindirlər ki, bu addıma səbəb D.Trump prezident kimi fəaliyyətə başlayandan sonra yarana biləcək problemin – maraqların toqquşması riskinin qarşısını almaqdır. Bəzi analitiklərin fikrincə, bu, ABŞ-ın Cənubi Qafqazda rolunun D.Trump-ın administrasiyası dövründə azalacağına işarə edir. Ehtimallar haqda Eurasianet.org saytı yazır.
Məqalədə deyilir ki, Bakıda və Batumidəki tikililər Azərbaycan, eləcə də tikinti başlayanda Gürcüstana rəhbərlik edən Mikheil Saakashvili hökuməti üçün prestijli layihələr sayılırdı. Amma indi gözlənilmədən prezident seçilən D.Trump-ın bu layihələrə son qoyması, şübhəsiz, hökumətlərin həmin layihələr vasitəsilə D.Trump administrasiyasına yol tapmaq ümidlərinə zərbə vurur.
ELƏ Kİ TRUMP SEÇİLDİ...
Sayt yazır ki, 2012-ci ildə D.Trump Gürcüstana səfər edəndə, ovaxtkı prezident M.Saakashvili və D.Trump-ın yerli tərəfdaşı olan «Silk Road Group» Batumi layihəsinin D.Trump-ın böyük sərmayəsi olduğunu deyirdilər. Ancaq bu, doğru deyildi, çünki Batumi, eləcə də Tbilisidəki tikililər «Silk Road Group»a məxsus idi, sadəcə, lisenziyalı anlaşmaya görə, D.Trump-ın adını daşıyacaqdı. Və yəqin ki, M.Saakashvili hökuməti ilə bağlılığı ucbatından onun partiyası hakimiyyətdən gedəndən sonra həmin tikililər də dayandırılmışdı. Amma elə ki, D.Trump prezident seçildi, Batumi layihəsində də canlanma müşahidə olundu.
Müəllif – beynəlxalq məsələlər üzrə ekspert Michael Hikari Cecire Gürcüstandan fərqli olaraq, Bakıdakı tikilinin sürətlə irəlilədiyini, 2016-cı ildə– Azərbaycanda iqtisadi böhran güclənəndən sonra dayandırıldığını yazır. Layihəni maliyyələşdirən işadamının Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov olması suallar yaradandan sonra isə layihə haqda bilgilər Trump Təşkilatının internet səhifəsindən silinir.
İndi hər iki ölkə – Azərbaycan da, Gürcüstan da D.Trump-la maddi bağlantıların kəsilməsinin Vaşinqtondakıların Cənubi Qafqazda siyasi maraqlarının azalmasının əlaməti olduğuna inanmaq istəmirlər.
GÜRCÜSTANIN QORXUSU
Müəllif bu məsələnin Gürcüstandan ötrü xüsusilə əhəmiyyətli olduğunu yazır. Çünki Tbilisi siyasətini, beynəlxalq aləmdə mövqeyini çoxdan müəyyən edib, inadla ABŞ-ın tərəfində dayanıb. Amma D.Trump-ın bəyanatları, Rusiyayla yaxınlaşmaq istəyini ifadə etməsi durumun dəyişə biləcəyinə işarə edir, Gürcüstanın Rusiyaya qurban gedəcəyi qorxusu yaradır. Belə olmasa da, Tbilisinin yeni ABŞ administrasiyasından gözləntiləri əvvəlki kimi deyil. Müəllifin fikrincə, indi Gürcüstan siyasətçiləri, hətta Avropaya meyllilər, yəqin ki, müvəqqəti də olsa, Rusiyayla tarazlı və ehtiyatlı siyasət aparmağa üstünlük verəcəklər.
Azərbaycana gəldikdə, sayt durumun bir qədər fərqli, amma yenə ciddi olduğunu yazır. Müəllif Azərbaycanın hələ Heydər Əliyevin hakimiyyəti dövründən tarazlı siyasət yeritdiyini qeyd edir. Yalnız İlham Əliyevin prezidentliyi dövründə durumun bir qədər dəyişdiyini, bunun da neftin qiymətinin azalmasının ölkə iqtisadiyyatına təsiriylə bağlı olduğunu bildirir.
Müəllifin fikrincə, gəlirlərinin azalması Bakının beynəlxalq əhəmiyyətini də, onun xarici, eləcə də daxili təsir dairəsini də azaldıb. Digər tərəfdən, Vaşinqtonun etinasızlığı Azərbaycanın Moskvaya getdikcə daha da yaxınlaşmasına, üstəlik, İranla münasibətləri yaxşılaşdırmasına təkan verib.
SƏRFƏLİ YANAŞMA?
Müəllif həmçinin, D.Trump-ın regiona gözlənilən yanaşmasının Azərbaycanın hakim təbəqəsinə bəlkə də sərf edəcəyini vurğulayır. Çünki keçmiş Sovet ölkələri arasında ən repressiv rejimlərdən sayılan Azərbaycan hökuməti yeni administrasiyanın insan haqlarıyla bağlı duruma etinasızlığından yalnız məmnun ola bilər.
Eyni zamanda, müəllifin fikrincə, D.Trump administrasiyası Azərbaycan məsələsində də Moskvayla, sadəcə, razılaşa və Azərbaycanın çoxşaxəli xarici siyasətinin olan-qalan izlərinin də üstündən xətt çəkə bilər. D.Trump-dan gözlənilən etinasızlıq, siyasi xırdalıqlara varmayacağı, geosiyasi nüansları nəzərə almayacağı ehtimalları Azərbaycanın, eləcə də bütün regionun maraqlarını gözardı edə biləcəyi sarıdan qorxuları artırır.