10 Dekabr 2016
Mətni dəyiş
10 dekabr Beynəlxalq insan hüquqları günüdür.
Bu barədə 1948-ci ilin 10 dekabrında BMT-nin Baş Məclisi tərəfindən “İnsan hüquqları haqqında ümumi bəyannamə” qəbul edilib. 1950-ci ildən isə hər il dekabr ayının 10-u bütün dünyada “Beynəlxalq İnsan Hüquqları Günü” kimi qeyd olunur.
İlk dəfə olaraq insan haqqına Fransada 1789-cu ildə qəbul edilmiş "İnsan və vətəndaş haqqları haqqında deklarasiya"da rast gəlinir.
1966-cı ildə BMT-nin başçılığı altında "Vətəndaşlıq və siyasi hüqüqlar haqqında beynəlxalq pakt" və "iqtisadi, sosial və mədəni hüquqlar haqqında pakt" qəbul edilib.
Avropada əsas insan hüquq və azadlıqlarının qorunması üçün Azərbaycan Respublikasının da qoşulduğu 4 noyabr 1950-ci il tarixli “Avropa İnsan Hüquları Konvensiyası” mövcuddur. Bu konvensiyanın beynəlxalq müqavilələrdən başlıca fərqi ondan ibarətdir ki, Avropada bu konvensiyaya əsaslanan və eyni zamanda real işləmə mexanizminə malik əsas insan hüquq və azadlıqlarını qoruyan Avropa İnsan Hüquqları Məhkəməsi fəaliyyət göstərir.
İnsan hüquqları, insanların təbii və dərrakədən irəli gələn subyektiv hüquqlarını təsvir edir. İnsan hüquqlarının əsas konsepsiyası ondan ibarətdir ki, bütün insanlar insan olmalarına görə eyni hüquqlara malik olmalıdırlar və bu hüquqlar hər hansı bir izaha ehtiyac olmadan hər kəsə bərabər şəkildə aid edilməlidir. Belə ki, hər bir insan onun malik olduğu irqdən, cinsdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşəyindən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan hüquqlarına malikdir.