9 Noyabr 2016
Mətni dəyiş
Rövşən Ağayev
Hökumətin son aylar qəbul etdiyi qərarlarla subsidiya dəstəyi vermək istədiyi 3 sahədən biri baramaçılıqdı. Azərbaycanın tarixən bu sahədə təcrübəsi, istehsal infrastrukuru olan ölkədi. Sovetlər dönəmində 2 damazlıq ipəkçilik stansiyası, 7 barama zavodu hesabına ölkə keçmiş ittifaqın əsas xam ipək bazalarından biri olub.
Lakin müstəqillikdən sonra bu fabriklərin hamısı faktiki olaraq dayandı. Şəki ipək müəssisəsinə arada əcnəbi inestorlar gəldi, yerlilərdən də kimlərinsə dəstək verməsi ilə bağlı məlumatlar dolaşdı. Amma nəticə dəyişmədi və baramaçılıq bir sektor kimi sıradan çıxdı.
Hökumət yenidən sahəni dirçəldəcəyini deyir və barama istehsalçılarını həvəsləndirmək üçün subsidiya ayrılması ilə bağlı qərar da artıq rəsmiləşib. Müzakirə edilməli əsas sual budur: hazırkı rəqabət mühitində baramaçılığıın ölkə iqtisadiyyatı üçün faydalı bir sahə çevrilməsi üçün imkanlar nə dərəcədə genişdir. Baramaçılıq üzrə mütəxəssislər sahənin spesifik məsələlərini şərhə edə bilər. Məsələn, baramanın bəslənməsi üçün ənənəvi yemləmə üsullarının alternativi varmı, saxlanacaq qurdların damazlıq toxum bazası nə dərəcədə keyfiyyətlidir və mövcud baza hədəflənən barama istehsalını təmin etmək üçün yetərlidirmi, məhsuldarlığı artırmaq üçün hansı texnolji üsullar mövcuddurmu, ipəkqurdu xəstəlikləri ilə effektiv mübarizə imkanları, kadr potensialı varmı? Bu tip sualların cavablarını peşəkar baramaçıların və sahənin mütəxəssislərinin öhdəsinə buraxaq.
Lakin sektorun iqtisadi problemlərinə diqqət çəkmək, xüsusən sahənin rəqabətqabiliyyətliliyini dəyərlədirmək də çox önəmlidir. Dünya təcrübəsinin araşdırılması göstərir ki, iqtisadi baxımdan baramaçılıq pambıqçılıqdan daha gəlirli və daha az zəhmət tələb edən sektordur. Müxtəlif ölkələrlə ilə bağlı faktlara baxanda bunu daha əyani görmək olur.
Hazırda dünyada 850 min tona yaxın yaş barama istehsal edilir. Bu həcmdə baramadan hər il orta hesabla 130-140 min tona yaxın xam ipək emal edilir. Dünyada yaş baramanın təxminən 80%-ə qədərini və ya 650 min tonunu Çin istehsal edir. İlk üçlüyü Çinin ardınca Hindistan və Özbəkistan qapayır. Hindistanda 130, Özbəkistanda isə 30 min tona yaxın yaş barama istehsal edilir. Hazırda dünyada ümumilikdə 30 yaxın ölkədə barama istehsal mövcuddur.
Comtrade-in məlumatına görə, 2015-ci ildə dünya üzrə 200 tona yaxın təxminən 1.7 milyon dəyərində barama ixrac edilmişdir ki, bu da baramanın hər kq-nın orta ixrac qiymətinin 8.5 dollara yaxın olduğunu göstərir. Lakin ixrac olunun baramanın yaş və quruluğuna görə ixrac qiymələtləri fərqlənir. Məsələn, ötən il Qazaxıstan 111 min ton yaş barama ixrac edib və orta ixrac qiyməti 3.3 dollar olub. Lakin Çin 13.5 min ton quru barama ixrac edib və orta ixrac qiyməti 18 dollara yaxın olub. Hazırda dünyada 1 kq xam ipəyin alnması üçün orta hesabla 6.5-7 kq yaş barama, 3 kq-a yaxın quru barama istifadə edilir. Lakin ipəkqurdunun toxumunun və baramanın özünün keyfiyyətindən asılı olaraq ayrı-ayrı ölkələrdə məhsuldarlıq fərqlidir. Hazırrda barama istehsalı üzrə ixtisaslaşmış ölkələrdə 1 qutu baramanın ən aşağı məhsuldarlığı 20 kq, ən yüksək məhsuldarlığı 40 kq yaş baramadır. Bu o deməkdir ki, 1 qutu baramanın xam ipək çıxımı 2.5-3 kiloqramdan 7 kq-a qədər dəyişir.
Rəsmi məlumata görə, Azərbaycanda yaş barama istehsalı hazırda 70 ton ətrafındadır. Amma rəsmi mənbələrdən nə qədər ailə təsərrüfatının baramaçılıqla məşğul olması, bir ailə təsərrüfatlarına düşən qutluların sayı, bir qutu ipəkqurdunun barama çıxarı barədə hər hansı məlumat əldə etmək mümkün deyil. Hökumətin təşviq siyasətinin hədəfi kimi seçilən digər sahələrə münasibətdə yeni eyni səhvlər buraxılır: baramaçılığın hədəfi nədir: xam ipək ixrac etməkmi? Əgər budursa, yaxın dövr üçün nə qədər xam ipək ixracı hədəfə alınıb? İxracda rəqabət qabiliyyətliliyimiz yetərincə qiymətləndirilibmi? Məsələn, Comtrade-in məlumatına görə, 2015-ci ildə dünya bazarında xam ipəyin orta ixrac qiyməti 45 min dollar ətrafında olub. Bizdə mövcud iqtisadi şərtlər, baramanın maya dəyəri, xam ipək emalının mövcud texnoloji kəpəsitəsi bu qiymətlə rəqabət aparacaq səviyyədə ixraca təminat verirmi? Nümunə üçün deyim ki, 2015-ci ildə dünya üzrə xam ipəyin ümumi ixracı 15 min tona yaxın olub ki, onun yarısından bir qədər azı Çinin payına düşüb. Çindən xam ipəyin orta ixrac qiyməti 47 min dollar ətrafında olub.
Bəlkə hədəf xam ipək ixracı deyil, ipək parçalar, ipək iplik və ya ipək xalılar formasında hazır məhsul istehsalına nail olmaqdır? 2015-ci ildə düyada ipək ipliyin orta ixrac qiyməti 60 min dollar ətrafında olub. Bu məhsulun ixracı üzrə ən böyük dövriyyə Çinə (98.2 milyon dollar) və Rumıniyaya (66.3 milyon dollar) məxsus olub. İpək ipliyin orta ixrac qiyməti Çin üzrə 55 min, Rumıniya üzrə 63 min dollar ətrafında olub. İki ölkənin ipək iölik ixracı 3 min tona yaxın olub. Dünya üzrə ipək ipliyin ümumi ixracı 242.8 milyon dollar, həcmi isə 5 min tona yaxın olub.
Tərkibində 85% ipək olan parçaların dünya üzrə ixracı ötən il 1.271 milyard dollara yaxın olub. İpək parça ixracına 686 milyon dollarla Çin liderlik edir. İkinci yerdə 179 milyon dollarla İtaliya gəlir. Sonrakı yerlərdə Fransa 79, Hindistan 71, Cənubi Koreya 63, Yaponiya 53, Almaniya 27 milyon dollarla gəlir.
Əgər baramıçılığın hədəfi sadalanan hazır məhsulların istehsalı seçilibsə, bu ölkələrin məhsulları ilə müqayisədə keyfiyyətli və ucuz məhsullar istehsalı üçün hansı imkanlar, üstün tərəflər və risklər var? Sahəyə büdcə təşviqi yolu sərmayə qoymağa hazrlaşan hökumətin bu əsaslandırması ilə büdcəyə vergi ödəyən vətəndaş, alternativ rəy institutları hansı mənbədə tanış ola bilər?
Mövcud yem bazası nə qədər barama istehsalına təminat verir? Məsələn, türkiyəli mütəxəssislərin hökumət üçün hazırladığı hesabatda qeyd edilir ki, ipəkqurdunun normal məhsuldarlıqda və keyfiyyətdə son fazaya çatdırılması üçün 20 min ədəd yumurtanın qoyulduğu 1 qutu ipəkqurdu üçün orta hesabla 700 kq tut yarpağı tələb edilir. Bu qədər yarpaq kütləsi üçün isə 40 tut ağacı gərəkdir. Onların hesablamalarına görə, 1 hektar tut bağı və ya 1200 tut ağacı hesabına orta hesabla normal şərtlərlə böyüyən 35 qutu ipəkqurdu bəsləmək mümkündür. Dünya üzrə orta məhsuldarlıqdan çıxış etsək, bu potensial olaraq 1100 kq-a yaxın yaş barama, 170-180 kq xam ipəyə bərabərdir. Yenə də dünyada yaş baramanın orta ixrac qiymətindən çıxış etsək, 1 ha tut bağının məhsulu hesabına 3500-4000 dollar dəyərində barama, 8500-9000 dollar dəyərində xam ipək əldə etmək mümkündür. İndi əsas suallardan biri budur ki, bizdə tut bağlarının real sahəsi ilə bağlı qiymətləndirmə varmı və bu sahə yeni sahələr məhsul verənə qədər (ən azı 4-5 il) hansı həcmdə barama istehsalına təminat verir?
Daha ciddi problem: Azərbaycanda ipək emalı rəqabətli deyil – cəmi alıcı subyekt var. Çoxlu sayda oyunçuların olmadığı şəraitdə xammal alışı üçün təyin edilən qiymətlər nə dərəcədə ədalətli olacaq?
Məlumat üçün deyim ki, ipək sənayesində dəyər zənciri çoxhəlqəlidir: barama istehsalı, xam ipək istehsalı, ipək iplik istehsalı, ipək parça istehsalı, ipək xalı istehsalı və ipək geyimlər istehsalı. Bu sahədə öncül olan ölkələrin təcrübəsinin araşdırılması göstərir ki, son məhsul hədəfə alındığı ölkələrdə, 1 dollarlıq barama son məhsul formasında təxminən 9-10 dollarlıq əlavə dəyər yarada bilir.
Bu qəbildən olan rəqəmlər, qoyulan suallar əsasında müzakirələr açmağa ehtiyac var. Xüsusilə də ictimai pullar hesabına təşviq edilən sahələrin gələcək inkişaf imkanları, seçilən təşviq alətlərinin effektivliyi dartışılmalıdır.
Bizim məşhur "bəsləsən atlaz olar tut yarpağından" misalımız ticarətin qloballaşmadığı dövrdə meydana gəlib. İndiki sərt rəqabət şəraitində tut yarpağını atlaza çevrimək üçün 40 gün dayanmadan ipəkqurdu üçün tər tökmək çox azdı. Əksinə daha məhsuldar sektor yaratmaq üçün bilikli kadrlara, yüksək texnolji emal imkanlarına ehtiyac var.