Yardımlıda körpü çöküb, 3 kəndlə əlaqə kəsilib

Yardımlıda körpü çöküb, 3 kəndlə əlaqə kəsilib
2 Noyabr 2016
Mətni dəyiş
Cəlilabad-Yardımlı yolunun üstündə Gendərə kəndindən keçən hissəsində körpü uçub.
Bu barədə BakiPost.az-a Astanlı kənd sakini Hüseynağa Rəcəbov məlumat verib. Onun sözlərinə görə, körpünün uçması nəticəsində rayonun Yuxarı Astanlı, Aşağı Astanlı və Gendərə kəndlərinin sakinlərinin rayonla əlaqəsi kəsilib: "Son vaxtlar intensiv yağışların yağması nəticəsində körpünü sel aparıb. Körpünün uçması nəticəsində rayonun 3 kəndini birləşdirən yeganə yolumuz bağlanıb. Rayon icra nümayəndəliyi hadisə yerinə gəlib baxıb, amma hələ də heç bir nəticə yoxdur. Bu körpü Gendərə kəndindən Cəlilabada və Yardımlıya yeganə çıxış yoludur. Biz də həmin körpüdən istifadə edirik. Hazırda ordan keçmək mümkün deyil. Təsəvvür edin ki, traktor belə həmin ərazidən keçə bilmir. Hər üç kənddə 500-dən çox ev var. Körpü uçandan xəstələri belə həkimə apara bilmirik. Məsələ ilə bağlı icra hakimiyyətinə müraciət etsək də, gəlib baxan yoxdur. Sadəcə yerli icra nümayəndəsi gəlib baxıb. Amma onun buna gücü çatmaz. Çünki texnika lazımdır”.
Kəndin digər sakini, şəhid atası Aydın Məmmədov qeyd edib ki, istər Cəlilabad, istərsə də Yardımlıya olan çıxış yolları bağlanıb, acınacaqlı bir durumdur:
"Yeganə çıxış olan körpü də uçub. İcra hakimin birinci müavini Azər Xanıyev şəxsən mənə vəsaitin olmadığını deyib getdi. Görəsən icra hakimi hara baxır? O, prezidentin rayondakı nümayəndəsidir. Amma gəlib başda otursa da əhalinin şikayətlərini nəzərə almır. 3 kəndin əhalisi heç yerə gedə bilmir. Nə edəcəyimizi bilmirik”.
Yardımlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Xamıyev körpünün uçması ilə bağlı "Azəravtoyol" ASC-yə və baş nazirə müraciət etdiklərini deyib:
"Körpünü sel aparan günün səhəri avtoyolun baş mühəndisini götürüb özüm şəxsən gedib hadisə yerinə baş çəkmişəm. Körpünü təmir etmək üçün baş nazirə və "Azəravtoyol" ASC-yə icra başçısının adından məktub ünvanlamışıq. Bu səbəbdən "icra hakimiyyəti maraqlanmır” demək düzgün deyil. Çünki bütün yollar "Azəravtoyol" ASC-nin balansındadır. Biz də onlara müraciət etmişik. Onlardan hadisə yerinə gəlib araşdırmalar aparmaq üçün nümayəndə heyəti və mütəxəssislər dəvət olunub. Bu körpünün bərpa edilməsi üçün böyük vəsait lazımdır. İcra hakimiyyətinin isə körpünü tikməyə elə də böyük vəsaiti yoxdur. Biz o körpünü texniki formada iki il öncə icra hakimiyyətinin daxili imkanları hesabına tikmişik. Amma hazırda körpünün necə tikilməsi "Azəravtoyol”un səlahiyyətində olan məsələdir”.
"Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə körpünün uçması ilə bağlı qurumun nə Yardımlı, nə də də Cəlilabad şöbələrinə müraciət edildiyini qeyd edib:
"Körpünün uçması ilə bağlı rayonun heç bir qurumundan müraciət edən olmayıb. Bu gün nümayəndələrimiz hadisə baş vermiş əraziyə gediblər. Həmin ərazidə kustar üsulla balaca bir keçid olub. Sel də onun bir hissəsini yuyub aparıb. Hazırda güclü sel axını onu bərpa etməyə imkan vermir. Amma havalar normallaşan kimi keçid bərpa oluncaq".
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun