UNESCO: "Son 10 ildə Azərbaycanda 3 jurnalist öldürülüb"

UNESCO: "Son 10 ildə Azərbaycanda 3 jurnalist öldürülüb"
3 Noyabr 2016
Mətni dəyiş
Ötən onillikdə 700 jurnalist peşə fəaliyyətinə görə öldürülüb. Bu cinayətlərin 10-dan 9-u cəzasız qalıb.
UNESCO öz hesabatında xəbərdarlıq edir ki, cəzasızlıq insan haqlarını kobud şəkildə pozmaqla, korrupsiya və cinayətlərə yol açmaqla bütövlükdə cəmiyyətləri məhvə aparır. Son 10 ildə Azərbaycanda 3 jurnalist öldürülüb:
"2006-cı ildə Monitor jurnalının təsisçisi və Baş redaktoru Elmar Hüseynovevinin qarşısında qətlə yetirilib. Başqa bir - yazıçı, jurnalist Rafiq Tağı isə evinə gedərkən yolda bıçaqlanıb, xəstəxanada keçinib. Ötən ilsə jurnalist Rasim Əliyevfutbolçu Cavid Qurbanov haqda Facebookda yazdığı statusdan sonra futbolçunun yaxınları tərəfindən döyülüb, onun da həyatını xilas etmək mümkün olmayıb. Başqa bir jurnalist Aqil Xəlil zeytun bağları haqda fotolar çəkəndən sonra döyülüb, sonra bıçaqlanıb, ardınca da metroda gözləyərkən, tanımadığı şəxs onu qatarın altına itələməyə cəhd edib. Bundan sonra həyatına təhlükə olduğundan ölkəni tərk etməli olub. Özəlliklə, prezident ailəsinin qanunsuz biznesləri haqda araşdırmalarından sonra jurnalist Xədicə İsmayılova yataq otağına gizli yerləşdirilən kamera ilə çəkilən görüntülərlə hədələnib. Araşdırmalarını dayandırmasa, görüntülərin yayılacağı ilə şantaj olunub. Döyülən, hədələnən, sıxışdırılan jurnalistlərlə bağlı siyahını artırmaq da olar.."
Bu cinayətləri törədənlərin çoxu hələ də cəzalandırılmayıb. Müstəqil jurnalist Aynur Elgünəş isə bu yaxınlarda ölümlə hədələnib. Onun sözlərinə görə, Azərbaycanda jurnalistlər daim təhlükə ilə üz-üzədir:
"Biz elə bir ölkədə yaşayırıq ki, tənqidi jurnalistika ilə məşğul olanlara qarşı hər an təhlükə var. Sabah nə olacağını heç allah belə bilmir. Yəni, bir saat sonra səni hansı təhlükənin gözlədiyini bilmək belə olmur. Hər an biz belə təhlükəni hiss edirik".
Aynur Elgünəş əlavə olaraq bildirib ki, Azərbaycanda jurnalistlər yazdıqlarına görə təkcə öldürülmür, ya da hədələnmir. Həm də saxta ittihamlarla həbs oluna, cinayət məsuliyyətinə cəlb edilib, sıxışdırıla bilər.
Qətllər, şantajlar, hədələr... siyahını uzatmaq da olar. Bəs, bu cinayətlər niyə cəzasız qalır? Ayna-Zerkalo qəzetlərinin redaktoru Elçin Şıxlının fikirlərinə görə, Azərbaycanda hüquq-mühafizə orqanları bu cinayətləri aşkarlaya bilərdi. Amma bunda maraqlı deyil. Elçin Şıxlı 2004-cü ildə müxalifətin aksiyalarından birində döyülən həmkarı ilə bağlı faktı misal çəkir.
"Zerkalo”nun işçilərindən biri - Fərid Teymurxanlı aksiya zamanı döyülmüşdü. Deyirdilər ki, biz heç nə etməmişik yaxşı ki, Exo-dan fotoqraf həmkarımız hadisənin fotolarını çəkmişdi. Fotolarda Fəridin 6 nəfər tərəfindən döyülməsi görünürdü. Bundan sonra nazirin də işə qarışması nəticəsində cəmi bir nəfər işdən çıxarıldı. Sonrası necə oldu bilinmir».
Hökumət rəsmiləri Azərbaycanda medianın durumu haqda səslənən iddialarla razılaşmır. Cəzasız qalan cinayətlərə gəldikdə isə bununla bağlı araşdırmalar aparıldığını bildirirlər.
Həmçinin xatırladaq ki, "Sərhədsiz reportyorlar" təşkilatı da "Mətbuatın düşmənləri" adlanan siyahısını açıqlayıb. Siyahıya Azərbaycan prezidenti İlham Əliyevin də adı salınıb. Hesabatda deyilir ki, Azərbaycan hökumətini tənqid edənlər polis və təhlükəsizlik orqanlarının təqibinə məruz qalır. Bundan ötrü şantajdan, jurnalistlərin şəxsi həyatına aid videoçəkilişlərdən, vergi ödənişindən yayınma, narkomanlıq və xuliqanlıq ittihamlarından istifadə olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun