"Turan" İA "Azərsu"nun cərimələnməsini istəyir

"Turan" İA "Azərsu"nun cərimələnməsini istəyir
28 Noyabr 2016
Mətni dəyiş
Noyabrın 28-də №1Bakı İnzibati-İqtisadi Məhkəməsində Şərafət Məmmədovanın sədrliyi ilə Turan Agentliyinin “Azərsu” ASC-yə qarşı iddiası üzrə məhkəmə iclası keçirilib.
Məhkəmə “Azərsu” ASC-nin agentliyin respublika prezidentinin 29 mart 2016-cı il tarixli "Əhalinin su sayğacları ilə təmin edilməsi haqqında" sərəncamının icrası ilə bağlı 30 avqust 2016-cı il tarixli sorğusuna cavab verməməsi iddiasına baxıb. Sərəncama əsasən, sayğacların əldə edilməsi və quraşdırılmasına 12 mln manat ayrılıb.
İnformasiya sorğusu sayğacların alınması barədə tender elanı və tenderin keçirilməsi, sayğacların qiyməti, sayı, qalibin sayğacları tədarük etmə müddəti, 2016-cı ildə əldə edilən sayğacların qiyməti (mexaniki və smart), iş, material və xərclər göstərilməklə sayğacların quraşdırılması xərcləri kimi 7 məsələni əhatə edir.
“Azərsu” ASC-nin nümayəndəsi məhkəmədə deyib ki, iddia ərizəsini yenicə alıb və onunla tanış deyil. O, Turan Agentliyinin sorğusunu öyrənmək üçün vaxt istəyib. Turan Agentliyinin rəhbəri Mehman Əliyev bildirib ki, cavab üçün iddia veriləndən əvvəl və sonra yetərincə vaxt olub.
Məhkəmə iki dəfə təxirə salınıb: birinci dəfə Əliyev ölkədə olmadığı üçün noyabrın 3-də, ikinci dəfə noyabrın 18-də Agentlik iclas barədə bildiriş almayanda. Qəribədir ki, 18 noyabrdakı məhkəmə barədə bildiriş yerli poçtla noyabrın 19-da göndərilib və noyabrın 22-də agentliyə çatıb. Məhkəmə bildirir ki, bildirişi poçta noyabrın 10-da 387 reyestrlə göndərib. Qeyd edək ki, 18 noyabradək Əliyev məhkəməyə iclasın vaxtı barədə iki elektron məktub göndərib. Amma cavabda yalnız məktubun qeydiyyata alındığı yazılıb.
Əliyev hakimi informasiya verilməməsi faktına hüquqi qiymət verməyə,  İnzibati Xətalar Məcəlləsinin 374, 382 maddələrini tətbiq etməklə “Azərsu” ASC-ni 1500 manat cərimələməyə çağırıb. "Bunun üçün hər cür əsasə var», deyə Əliyev bildirib və qeyd edib ki, "KİV haqqında", "İnformasiya azadlığı haqqında", «Korrupsoya ilə mübarizə haqqında» (maddə 9.3.12) kobud şəkildə pozulub.
Hakim Məmmədova qeyd edib ki, hələlik cinayətin tərkibi müəyyən edilməyib və məhkəmə heç bir qərar verə bilmir. O, “Azərsu” ASC-nin nümayəndəsinə informasiya sorğusunda qoyulan sualara cavab təqdim etmək üçün dekabrın 9-a qədər, yəni növbəti məhkəmə iclasına qədər vaxt verib.
Əliyev öz növbəsində “Azərsu”dan növbəti məhkəmə iclasına qədər suallara cavab təqdim etməyi xahiş edib, çünki suala cavablar maksimum 3 saat vaxt ala bilər.
Məlum olduğu kimi, 2006-cı ildə prezident İlham Əliyevin tapşırığı ilə “Azərsu” ASC tərəfindən 2008-ci ilin sonuna qədər su sayğaclarının quraşdırılmasına üzrə dövlət proqramı elan edilib.
Daha sonra dövlət başçısı prosesi 2007-ci ildə başa çatdırmağı tələb edir. 10 il sonra proqram yalnız 60% yerinə yetirilib, bu da ölkə üzrə su məsrəfinin həcmləri və bu məqsədlər üçün abunəçilər, dövlət və xarici kreditorlar hesabına maliyyələşən xərclər barədə düzgün nəticə çıxarmağa imkan vermir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun