Trump seçildi: Gözləntilər nədir? [Ekspert]

Trump seçildi: Gözləntilər nədir? [Ekspert]
9 Noyabr 2016
Mətni dəyiş
"Trupma media “Rusiya dostu” damğası vurub deyə, o bu alqını dəyişmək üçün Rusiyaya qarşı daha sərt olacaq".
Bu sözləri REAL hərəkatının icraçı katibi Natiq Cəfərli ABŞ-da başa çatan seçkilərdən sonra yeni prezident Donald Trumpdan gözləntilər barədə sosial şəbəkədə yazıb.
N.Cəfərli qeyd edib ki, bir neçə müddət qeyri-stabil vəziyyət hökm sürdükdən sonra hər şey normala dönəcək:
"Dünya birjaları bir neçə gün çalxalanacaq, amma sonra sakitləşəcək, hər şey öz qaydasına düşəcək. ABŞ daha çox daxili siyasətə önəm verəcək, iqtisadi böyümə, əsasən, daxili istehlak və daxili investisiyalar hesabına təmin ediləcək. ABŞ prezidentinin şəxsiyyəti ümumi siyasətə ancaq düzəliş verə, priroritetlərin yerini dəyişə bilər (özünü yox a, yerini, sıralamasını), amma ümumi trendə təsiri minimum olur. Trumpu, nədənsə, Rusiya üçün daha məqbul sayırlar, tam tərsini düşünürəm, münasibətlər hətta gərginləşə də bilər, çünki, Trupma media “Rusiya dostu” damğası vurub deyə, o bu alqını dəyişmək üçün Rusiyaya qarşı daha sərt olacaq, Kremlə baş ağrısı gətirəcək.
Çünki, ABŞ cəmiyyətinin böyük əksəriyyətində Rusiya alqısı pisdir, Rusiya onlar üçün rəqib və düşməndir.
Trumpa bu gün sual versəniz, Azərbaycanın yerini xəritədə göstərə bilməz, Anar Məmmədovu küçədə görsə, tanımaz. Trumpun qələbəsinin Məmmədovlara heç bir təsiri olmayacaq, ola da bilməz, tam tərsi, Trumpu bəzi avtoritar rejimlərlə kommersiya əlaqələrində günahkar bilən mediada yazılar olub, indi bunun əksini sübut etmək üçün Trump bəzi addımlar ata bilər.
Demokratiya haqqında – Bilmirəm haradan, amma belə bir illyuzuya var idi ki, Hilary xanım prezident olsa, dünyaya vedrə-vedrə demokratiya dağıdacaq. Demokratiya son məqsəd deyil, demokratiya məqsədlərə çatmaq üçün vasitədir və bunu xalqlar özləri istəməli, özləri buna çalışmalıdırlar. Həm də onu xatırladım ki, son 35 ildə Respublikaçılar ABŞ-da hakimiyyətdə olan illərdə SSRİ çökdü, Rusiyanın ən zəif dövrü oldu, Şərqi Avropa azad oldu, Berlin divarı dağıldı, Varşava Bloku çökdü, yəni bunu da nəzərə almaq lazımdır.
Trump sadə amerikalıların düşündüyü, mətbəxdə danışdığı, amma cəmiyyət içində “publik” deməyə utandığı məsələləri açıq-açıq söylədi, bunun da nəticəsi olaraq səs qazandı, prezident oldu. Yəni, dünyada gedən qlobal trendin davamını sübut etdi, “anti-elita” hərəkatlarının və “politkorrekt” olmayan üslubun uğurlu ola biləcəyi teoriyasını gücləndirdi. Qlobal və ən önəmli nəticə məhz budur".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun