Trump prezidentliyi - Turqut Qəmbər

Trump prezidentliyi - Turqut Qəmbər
10 Noyabr 2016
Mətni dəyiş
Turqut Qəmbər
Siyasətin bir çox yazılmamış qaydasını alt-üst edən Donald Trump-ın qələbəsi dünyada həqiqi şok effekti yaratdı. Amerikanın və dünyanın proqressiv kəsiminin mütləq əksəriyyəti Trump-ın rasist, seksist və bölücü çıxışlarına görə həyəcan təbili çalırdı. Ancaq çoxlarında, o cümlədən məndə bir rahatlıq var idi ki, “əşi, belə bir adam seçilməz, sorğulara baxın, Clinton qabaqdadır”.
Sosial sorğular Breksit  referendumundan sonra Amerikadakı seçkilərdə də real nəticəni əks etdirə bilmədi. Çünki insanlar bəzən sorğularda cəmiyyətdə mühafizəkar, geriçi hesab olunan mövqeyi açıq ifadə etməyə utanır, ancaq seçkidə həmin mövqeyə və ya şəxsə rahatlıqla səs verirlər.
Trump-ın qələbəsi qloballaşmaya görə geriyə düşən, immiqrantların onun işini oğurladığını düşünən, köhnə imtiyazlarını itirən ağ amerikalının elitaya qarşı üsyanıdır. İllərdir səsləri duyulmayan bu adamlar onların həyatında ciddi dəyişikliklərə və rifah artımına gətirib çıxarmayan siyasi elitanın namizədlərindən bezib, politkorrektliyi kənara qoyaraq orta statistik ağ amerikalının ən ibtidai narahatlığını dilə gətirən Trump-a səs verdi. Bütün skandallara və real siyasi proqramının olmamağına rəğmən.
Clinton siyasi təcrübəsinə, rəqibindən fərqli olaraq bəlli siyasi proqrama malik olmasına baxmayaraq, məhz elitanın namizədi olduğuna görə məğlub oldu. Geriyə düşən ağ amerikalı elitanı və sistemi cəzalandırdı.
Qəribəsi odur ki, sırf siyasi elita cəzalandırılsın deyə Trump-ın prezident olmasını istəyən xeyli ağıllı adam var idi: “Trump udsun, təki status-kvo (Clinton, siyasi elita) olmasın. Trump udsun, Amerikada siyasi sistemdə zəlzələ baş versin, bu zəlzələ dəyişikliklərə gətirəcək. Trump udsun, görək nə olur”.
Bu, çox məsuliyyətsiz yanaşmadır. Trump-ın qələbəsinin ciddi fəsadları ola bilər. “Amerikada oturuşmuş sistem var, prezident ondan kənara çıxa bilməz” deyib, özümüzə yalandan təskinlik verməyək. Amerikada prezidentin kifayət qədər ciddi səlahiyyətləri var. Səlahiyyətləri qoyaq bir kənara, birinci şəxs ölkədə gedən siyasi diskursa ciddi təsir edir və siyasi gündəliyi müəyyən edən şəxslərdən biridir. Yəqin ki, bu gündəliyin bütün əhaliyə və bəzən dünyaya təsir edə biləcəyini heç kəs danmaz.
Amerikanın daxili siyasətini qoyuram bir qırağa, Obamanın islahatlarını geriyə çevirmək ehtimalı, Meksika ilə sərhəddə divar tikmək məsələsi bir proqressiv şəxs kimi mənim də xoşuma gəlmir, amma bizə birbaşa təsiri yoxdur. Ancaq Trump kimi adamın prezident seçilməsi dünyanın müxtəlif yerlərində avtoritarizmə qarşı və proqress uğrunda mübarizə aparan şəxslərin dilini qısa elədi, demokratiya əleyhinə arqumentlər qazandırırdı.
Trump Şərqi Avropaya və Qafqaza real təhlükə olan Putinə simpatiyasını gizlətmir. Belə simpatiya Putinin əl-qolunu bundan da çox açar, regiona, konkret Azərbaycana mövcud real təhlükəni daha da artırır. Trump mahiyyət etibariylə demokrat deyil, hər hansı dəyər daşıyıcısı deyil, qazancını düşünən biznesmendir. Amerika zaman-zaman sadiqliyini elan etdiyi dəyərlərə xəyanət etsə də, sirr deyil ki, məhz Amerika avtoritar rejimlərin bəzən əlini-qolunu bağlayır, onlara repressiyalarında əndazəni aşmağa imkan vermir.
Trump-ın bu mövzuya diqqət yetirəcəyinə inanmıram. Bu dərəcədə real təhlükənin mövcud olduğuna baxmayaraq, “qoy seçilsin, görək nə olur” məntiqini müdafiə etmək zərərlidir. Trump indiyə qədər siyasətdə olmayıb, onun seçkiöncəsi dediklərinin sonradan tətbiq edib etməyəcəyini bilmirik, bu baxımdan onun yanaşmalarında gözlənilməz dəyişikliklər baş verə bilər. Ancaq istənilən halda onun prezidentliyi risklidir, ciddi fəsadlar gətirmək ehtimalı böyükdür. 4 il az vaxt deyil, bu müddət ərzində bir çox məsələdə xeyli zərər vurmaq olar.
Yuxarıda qeyd etdiyim ağıllı adamların da elitaya qəzəbi anlaşılandır. Kasıb və varlı təbəqənin gəlirləri arasındakı fərq, dəyişikliklərin ləng getməsi və ya getməməsi, eyni iki partiyanın çərçivələrdən kənara çıxmayan fəaliyyəti, elitanın saxtakarlığı adamı yorur, məyus edir, qəzəbləndirir. Ancaq elitanı kasıb təbəqəni və işçi sinfi vecinə də almayan milyarder Trump-la cəzalandırmırlar. Təəssüf ki, “görək nə olur”dansa, status-kvo yaxşıdır.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun