Trump Əliyev barədə "çox yaxşı sözlər eşitdiyini" söyləyib

Trump Əliyev barədə "çox yaxşı sözlər eşitdiyini" söyləyib
22 Noyabr 2016
Mətni dəyiş
Hazırda böhran yaşayan, dövlət çevrilişi cəhdindən sonra Qərblə münasibəti toqquşma həddinədək gərginləşən Türkiyə yeni seçilən ABŞ prezidentinə məxsus biznes imperiyasının mühüm gəlir mənbəyidir. Söhbət “Trump Towers Istanbul”dan gedir.
“Trump Towers Istanbul”u tikən şirkət 2014-cü ildən bəri bu lüks kompleksin üzərinə Trump-ın adını oyub yazmaq üçün onun şirkətinə 10 milyon dollaradək pul ödəyib. Layihənin sahibi Türkiyənin ən böyük neft və media konqlomeratlarından biridir. Bu holdinq ölkənin get-gedə daha da repressivləşən rejiminin ruporuna da çevrilib.
Biznes etikası mütəxəssislərinin fikrincə…
Əvvəllər görünməyən bir vəziyyət yaranıb: Trump-ın şirkətinə həm Ağ Evlə yaxşı əlaqələr qurmaq vasitəsi, həm də hücum və təhlükəsizlik riskləri üçün hədəf kimi baxılacaq.
Türkiyədəki sövdələşməni hətta Trump-ın özü də "maraqların toqquşması" adlandırıb.
Biznes etikası mütəxəssisləri Trump imperiyasının xaricdəki biznes maraqlarının keçmiş prezidentlər dövründə görünməmiş bir hal olduğunu deyirlər. "Washington Post"un təhlili göstərir ki, Cənubi Amerika, Asiya və Yaxın Şərqin 18 ölkəsində Trump-ın, azı, 111 şirkəti iş görüb.
Burada ultralüks daşınmaz əmlak komplekslərindən tutmuş, şirkətlərə və brendinq sövdələşmələrinədək hər şeyə rast gələ bilərsən. Üstəlik, bu ölkələrin bəziləri ilə ABŞ-ın yetərincə kövrək diplomatik münasibətləri var.
Sözügedən sövdələşmələrin bəziləri çoxdan, bəziləri elə Trump-ın seçki kampaniyası zamanı bağlanıb. Səudiyyə Ərəbistanında başlanması nəzərdə tutulan 8 otel layihəsi də bu qəbildəndir. Trump bu neftlə zəngin ərəb krallığını "müdafiə etmək istədiyini" bildirib.
“Bu zaman sual doğur”
Trump öz biznes maraqlarını müstəqil bir menecerə, yaxud "tərəfsiz trasta" vermək çağırışlarını rədd edib. İndi istər siyasi, istərsə əxlaq ekspertləri yaranmış vəziyyətin idarəçiliyə potensial təhlükəsi barədə düşünürlər.
Prezident George W. Bush administrasiyası zamanı Ağ Evin əxlaq məsələləri hüquqşünası olmuş Richard Painter-in fikrincə, prezidentin dünyaya səpələnmiş çoxsaylı mal-mülkü bir çox diplomatik, siyasi və hətta milli təhlükəsizlik riskləri yaradır:
“Bir dövlət bizdən kimisə qorumağa qoşunlarımızı göndərməyi xahiş etsə, qərar verməliyik. Bu zaman sual doğur: biz qoşunlarımızı milli maraqlar naminə göndəririk, yoxsa Trump-ın oralarda kazinosu var deyə?".
Trump-ın seçki kampaniyasının mayda açıqladığı maliyyə məlumatından onun biznes imperiyasının nə qədər böyük olduğu görünür. Burada Kanada və Panamada beşulduzlu otellərin, İrlandiya və Şotlandiyada seçmə qolf məktəblərinin, dünyanın ən böyük müsəlman ölkəsi İndoneziyada tikilməkdə olan lüks kurort kompleksinin adı çəkilə bilər.
Xatırlatmağa dəyər ki…
Ancaq bu məlumatlarda şirkətlərin status və yaradılma məqsədləri aydınlaşdırılmır. Xatırlatmağa dəyər ki, Trump seçki kampaniyası dövründə öz investisiyaları və vergiləri barədə məlumatı tam açıqlamayıb.
Xaricdəki tərəfdaşlar Trump brendinin dünyada yayılmasına kömək edib, Trump-ın təşkilatına milyonlarla dollar vəsait axıdıblar.
Xaricdəki sövdələşmələrin bir çoxu, sadəcə, Trump-ın adından istifadəyə lisenziya verilməsini nəzərdə tutur. Prezident George H.W. Bush administrasiyası zamanında Federal Seçki Komissiyasının sədri Trevor Potter-in sözlərinə görə, xarici investorlar prezidentlə münasibətlərini yaxşılaşdırmaq üçün onun uşaqları ilə biznes sövdələşməsinə girməyə çalışa bilərlər.
Trump-ın bəzi əmlakı, iri tikinti layihələri Çin və Almaniyanın böyük banklarından götürülmüş kreditlərlə maliyyələşir. Onun ən çox kredit götürdüyü “Deutsche Bank”ın işinə hazırda ABŞ-ın Ədliyyə Departamentində baxılır (2008-ci ilin daşınmaz əmlak böhranı zamanı yol verilmiş qanun pozuntularından söhbət gedir). Ədliyyə Departamentinin rəhbərini isə tezliklə Trump təyin edəcək.
Seçki bioqrafiyasını əks etdirən hökumət saytında…
Trump-ın seçki bioqrafiyasını əks etdirən hökumət saytında (greatagain.gov) onun bütün dünyadakı şirkətləri və əmlakı ayrıca göstərilsə də, sonradan həmin məlumat yığışdırılıb.
Hökumət rəsmilərinin çoxu maraqlar toqquşmasına dair normalara əməl etməlidir. Bu normalar məmurların öz şəxsi maraqları naminə qərar qəbul etməsini önləmək məqsədilə müəyyənləşdirilib. Ancaq prezidentlər bu qaydalardan azaddırlar.
Buna baxmayaraq, çağdaş dönəmin bir sıra prezidentləri və prezidentliyə əsas namizədləri, o cümlədən Ronald Reagan, hər iki Bush, Bill Clinton və Mitt Romney öz biznes maraqlarını satmaq, yaxud da tərəfsiz müstəqil quruma ötürmək öhdəliyi götürüblər.
Trump bildirib ki, şirkətləri üzərində nəzarəti uşaqlarına ötürməyi planlaşdırır. Trump Təşkilatının icraçı vitse-prezidenti və baş müşaviri Alan Garten sentyabrda verdiyi müsahibəsində bildirmişdi ki, “onun diqqəti tamamilə ölkənin yaxşılaşdırılmasına yönələcək".
Konqres araşdırmaçıları iddia edirlər ki…
Ancaq konqres araşdırmaçıları və əxlaq mütəxəssisləri iddia edirlər ki, şirkətin idarəçiliyinin Trump-ın uşaqlarına verilməsi onun özəl və ictimai işlərinin doğrudan da bir-birindən ayrılması demək olmayacaq. Trump-ın özü də bu məsələ ilə bağlı çaşqınlığını gizlətməyib: “Bilmirəm, şirkəti Ivanka, Don və Eric-in yönəltməsi tərəfsiz qurum sayılarmı? Bilmirəm".
Trump-ın dünyadakı biznes maraqları onu hüquqi risklərlə də üzləşdirir. Ölkə Konstitusiyasında "mənfəət maddəsi" kimi tanınan müddəa hökumət rəsmisinin xarici dövlətdən hədiyyə götürməsini yasaqlayır.
Hər hansı xarici dövlət rəsmisi, yaxud şirkətinin Trump-ın otelinə, yaxud onun adını daşıyan başqa bir şirkətə pul ödəməsi, potensial olaraq, sözügedən Konstitusiya müddəasının pozulması mənasına gələcək.
Demokrat və respublikaçı administrasiyalar dövründə Ağ Evin etika üzrə baş hüquqşünasları olmuş əxlaq mütəxəssisləri Trumpa məktub yazaraq, onu şirkətlərini həqiqi tərəfsiz quruma ötürməyə, yaxud da Oval Ofislə ailə işləri arasında "pərdə" qoymaq öhdəliyi götürməyə çağırıblar.
Trump Türkiyə prezidentini bəyənib?
Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, indi Türkiyədə dünyanın bütün ölkələrindən, o cümlədən Çindən də çox jurnalist həbs olunur.
Trump öz seçki kampaniyası boyunca çevriliş cəhdinin qarşısını aldığına görə Erdoğanı bəyənib. Üstəlik, Erdogan seçkilərdən sonra Trump-ı təbrik edən ilk xarici liderlərdəndir.
Ancaq maraqlar toqquşması məsələsi təkcə Trump-ın özünə yox, müşavirlərinə də aiddir. İstefada olan general-leytenant Michael Flynn-in Ağ Evin milli təhlükəsizlik müşaviri olacağı deyilir. Flynn-in konsaltinq şirkətinin Türkiyə hökuməti ilə işgüzar əlaqələri var. Flynn yaxınlarda yazdığı məqalədə ABŞ-ın öz siyasətində ciddi dəyişiklik edərək, Erdoğan hökumətinin məqsədlərini dəstəkləməli olduğunu, Türkiyənin ABŞ-ın "dəstəyinə ehtiyac" duyduğunu yazmışdı.
Azərbaycan prezidentinin də adı çəkilir
"Washington Post" Trump-ı təbrik edən liderlər arasında Azərbaycan prezidenti İlham Əlievin də adını çəkir. Qəzet yazır ki, neftin ucuzlaşması yerli iqtisadiyyatı ağır duruma salıb. Nəticədə, Trump-ın adını daşıyan otel layihəsinin tikintisi yarımçıq qalıb.
Qeyd edilir ki, ailəsi Əliyev rejiminin bir hissəsi sayılacaq milyarderlə işbirliyi qurmuş Trump brendinq sövdələşməsindən milyonlarla dollar qazanıb. Halbuki həmin rejimi Dövlət Departamenti korrupsiya və insan hüquqlarının pozulmasında ittiham edib.
Azərbaycanın dövlət informasiya agentliyi xəbər verir ki, İlham Əliyevin ötən həftə Trump-a zəng vuraraq onu təbrik etməsindən sonra Trump Əliyev barədə "çox yaxşı sözlər eşitdiyini" söyləyib.
Trump avqustun 21-də Alabamada keçirilən rallidə tərəfdarları qarşısında çıxış edərkən belə deyib: “Mən onların hamısı ilə yaxşı münasibətdəyəm. Onlar məndən ev alırlar. Onlar 40 milyon, 50 milyon dollar xərcləyirlər. Onları sevməməli deyiləm ki… Mən onları çox sevirəm".
Bizneslə diplomatiya arasında?
Yanvarda "Fox News"a müsahibəsində Trump "Səudiyyə Ərəbistanını potensial İran təhlükəsindən qorumaq" istədiyini deyib.
Trump ailəsi elə indidən bizneslə diplomatiya arasındakı divarın nə qədər məsaməli olduğunu göstərməkdədir. Donald Trump ötən həftə Nyu Yorkdakı iqamətgahında Yaponiyanın baş naziri Shinzo Abeni qəbul edib. Bu, onun yeni seçilmiş prezident qismində xarici hökumət başçısı ilə ilk üzbəüz görüşü idi. Görüşə Trump-ın keçid komandasının üzvü və onun biznes imperiyasının icraçı vitse-prezidenti - qızı Ivanka da qatılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun