Taleh Bağırzadə: "Məhkəməyə gələn qohumlarımıza təzyiq göstərirlər"

Taleh Bağırzadə: "Məhkəməyə gələn qohumlarımıza təzyiq göstərirlər"
16 Noyabr 2016
Mətni dəyiş
Noyabrın 16-da Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda "Müsəlman Birliyi" hərəkatının lideri Taleh Bağırzadə, həbs edilənlərin qohumlarına təzyiq göstərildiyini deyib.
O, məhkəmə nəzarətçilərinin ittiham olunan şəxslərin prosesə gələn doğmalarının şəxsiyyət vəsiqələrini yığaraq sürətini çıxardıqlarını, sonradan ünvan məlumatlarından istifadə edərək onlara təzyiq göstərdiklərini deyib.
Xüsusən, müttəhim İbrahim Xudaverdiyev bildirib ki, onun qohumları prosesdə iştiraka görə təzyiqə məruz qalırlar.
Xudaverdiyevin sözlərinə görə, qaynını polisə çağırıblar və bacısının (Xudaverdiyevin həyat yoldaşı) məhkəməyə getməməsini tələb ediblər.
2015-ci il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat zamanı atışma nəticəsində ikisi polis olmaqla 6 nəfər həlak olub. Bu iş üzrə əksəriyyəti "Müsəlman Birliyi" hərəkatının üzvləri və tərəfdarları olmaqla, ümumilikdə 70-ə yaxın insan məsuliyyətə cəlb olunub. Onlar CM-in bir sıra maddələri üzrə - konstitusiya quruluşunun zorla dəyişdirilməsi, mütəşəkkil silahlı cinayətkar qrup yaratmaq və s.-də ittiham olunur.
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə ittiham olunan 18 nəfərin işi üzrə proses gedir. Onlar arasında AXCP sədr müavini Fuad Qəhrəmanlı da var, o, dövlət əleyhinə çağırışlarda, dini ədavət salmaqda, kütləvi iğtişaşlara çağırışlarda ittiham olunur.
Əslində isə Fuad Qəhrəmanlı sosial şəbəkədə nardaranlıları öz hüquqlarını müdafiə etməyə çağıran müraciət yazıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun