Noyabrın 24-ü siyasi məhbus Məmməd İbrahimin ad günüdür.
AXCP sədrinin müşaviri, siyasi məhbus M.İbrahim 50-ci yaş gününü həbsxanada qeyd edir. Məmməd İbrahimin oğlu Turan İbrahim Abzas.net-ə bildirib ki, M.İbrahim səhhətində heç bir problemin olmadığını deyib.
"Bu gün səhər həbsxanada görüşdük, 150-ə yaxın təbrik məktubu aparmışdım. Məktub göndərən, təbrik edən hamıya təşəkkür elədi. Əhvalı yaxşıdır. "Hamı möhkəm olsun, tezliklə görüşəcəyik" dedi"- deyə T.İbrahim qeyd edib.
Məmməd İbrahim ötən il sentyabrın 30-da xuliqanlıq ittihamı (221.1-ci maddə) ilə həbs edilib (Şikayəti keçmiş AXCP üzvü Mikayıl Quliyev verib). Sonradan bu maddə 221.2.2-ci maddə üzrə daha ağır ittihama tövsif edilib. Birinci instansiya məhkəməsində proses zamanı ittiham tərəfin bütün şahidləri M.İbrahimin təqsirsizliyini və onun istintaqın zərərçəkmiş kimi tanıdığı şəxslərə qarşı güc tətbiq etmədiyini təsdiq ediblər. M.İbrahim özü də ittihamları təkzib edib, müxalif siyasi fəaliyyətinə görə təqib edildiyini bildirib. Bununla belə, Nərimanov rayon məhkəməsi martın 15-də İbrahimi təqsirli bilib və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Hüquq müdafiə təşkilatları M.İbrahimi siyasi məhbus kimi tanıyıblar.
Məmməd İrahim kimdir?
Məmməd İbrahim 1966-cı ilin 24 noyabrında anadan olub. 1985-ci ildə Maliyyə-İqtisad Texnikumunu bitirib. 1989-cu ildə AXCP yaranandan partiyanın üzvüdür. 2012-ci ildən AXCP sədrinin müşaviridir.
AXCP və Milli Şuranın əksər mitinqlərinin təşkilatçısı olub. Xüsusən “Talana Son” və Cəmil Həsənlinin prezident seçkisi ərəfəsində keçirilən mitinqlərin təşkilatçısı olub. Məmməd İbrahim dəfələrlə xəbərdarlıq və 7 sutkalıq həbs cəzası alıb.