"Saziş Aİ ilə əməkdaşlığın inkişafına mühüm zəmin yaradacaq"

"Saziş Aİ ilə əməkdaşlığın inkişafına mühüm zəmin yaradacaq"
24 Noyabr 2016
Mətni dəyiş
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşa xarici işlər nazirinin müavini Marek Julkovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Abzas"a verilən məlumata görə, görüşdə Azərbaycanla Polşa arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları və gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
E.Məmmədyarov Polşanı Azərbaycan üçün vacib tərəfdaş adlandırıb və rəsmi Bakının Varşava ilə ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Marek Julkovski Polşa xarici işlər naziri Vitold Vaşikovskiyin bu ölkəyə səfərlə bağlı dəvət məktubunu E.Məmmədyarova təqdim edib və nazir dəvəti qəbul edib.
Avropa İttifaqı Şurası tərəfindən Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa dair sazişin hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına mandatın verilməsini diqqətə çatdıran E.Məmmədyarov, sözügedən sazişin imzalanmasının Azərbaycan və Aİ arasında hərtərəfli tərəfdaşlığın inkişafı üçün mühüm zəmin yaradacağına əminlik ifadə edib.
E.Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, xüsusən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin iqtisadi faydalılığı, yüklərin daha qısa müddətdə daşınması perspektivindən söz açdı və dəhliz boyu yerləşən ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində bu marşrutların əhəmiyyətini qeyd edib.
Görüşdə Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti təqdir edilib və iki ölkə arasında birgə layihələrin həyata keçirilməsi və sərmayələrin qoyuluşu, habelə yüksək səviyyəli səfərlərin davam etdirilməsi məsələləri müzakirə olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun