6 Noyabr 2016
Mətni dəyiş
ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi, səfir Daniel Baer N!DA Vətəndaş Hərəkatının fəalı Qiyas İbrahimovun həbsi ilə bağlı bəyanatla çıxış edib.
Onun bəyanatı ATƏT-in Daimi Şurasında səsləndirilib və İbrahimovun həbsini “ədalətsiz” adlandırıb.
Bəyanatda deyilir ki, oktyabrın 25-də N!DA hərəkatının fəalı Qiyas İbrahimova qanunsuz narkotik dövriyyəsi ittihamı əsasında on il müddətinə azadlıqdan məhrum olunması Birləşmiş Ştatları narahat edir.
"Sözügedən həbs geniş şəkildə siyasi motivlər üzərində qərarlaşan təqib kimi qəbul olunur. Amnesty İnternational təşkilatı demişdir ki, həbsdə olduğu vaxt cənab İbrahimova ağır ittihamları etiraf etməsi üçün işgəngə verilmişdir", - deyə sənəddə vurğulanır.
Birləşmiş Ştatlar Azərbaycan hökumətini ATƏT və digər beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə riayət etməyə çağırır. Biz həmçinin Azərbaycan hökumətini Qiyas İbrahimovu sağlam və demokratik cəmiyyət üçün önəmli olan söz və dinc toplaşmaq azadlıqları da daxil olmaqla, əsas azadlıqlardan yararlandıqlarına görə həbs olunan bütün şəxsləri azad etməyə çağırırıq”, bəyanatda qeyd edilir.
Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da qanunsuz narkotik dövriyyəsi ittihamı ilə həbs olunublar. Amma onların vəkilləri həbslərinin əsl səbəbi kimi Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” və “Rədd olsun sistem!” şüarları yazmalarını göstərir.
Dövlət ittihamçısı məhkəmədən Qiyas İbrahimova 9 il həbs istəsə də hakim Ənvər Seyidov ona 10 il həbs verib.