Qarakənd faciəmiz - Samir Əsədli

Qarakənd faciəmiz - Samir Əsədli
20 Noyabr 2016
Mətni dəyiş
Samir Əsədli 
1991-ci ilin 20 noyabrında mən Yardımlı rayonunun Bilnə kəndində 2-ci sinifdə oxuyurdum. Soyuq qış gecəsində sobanın yanına sığınıb televezorda nəyəsə baxmalı idim. Dəqiq xatırlamıram, amma səbirsizliklə gözlədiyim bir verliş olmalı idi. Birdən proqram dəyişdi, qara paltarlı adamların orkestr ifası başladı. Yarım saat, bir saat... Amma bu kədər musiqisi bitmək bilmirdi. Səbrim bir tikə olmuşdu, hər dəqiqə “ana, niyə bunlar çalır?” deməyə başladım. Sonra musiqi dayandı, diktor ekrana çıxdı və dedi: “Bu gün, Qarakənd istiqamətinə uçan vertalyot dumana düşüb, dağa dəyib partlamışdır”. Sonra öyrənəcəkdik ki, helikopter dumana düşməyib, onu ermənilər vurub və bu helikopterdə Azərbaycanın say-seçmə oğulları, dövlət xadimləri həlak olub.
qarakend
Hər il 20 noyabr tarixində uşaq yaddaşıma yazılan və mənim bəlkə də “daha tez böyüməyimdə” əsas rol oynayan bu epizodu xatırlayıram. Doğrudan da müharibə dövrünün uşaqları olmazmış: müharibə dövründə uşaqlıq yaşanmır, insan özünü dərk edəndən dəhşətləri, faciələri yaşaya-yaşaya hər gün bir il böyüyür.
Məncə, Azərbaycanın böyük faciələrinə gedən yol bu hadisədən, bu terrordan başladı. Bəlkə, bu hadisədən sonra mən reallıqları daha aydın dərk etməyə çalışdım deyə, xatirəmdə belə yazılıb. Ancaq şübhəsiz ki, bu faciə hakimiyyətin daha da zəifləməsinə və Qarabağda silsilə məğlubiyyətlərə, bir-birinin ardınca baş verən işğallara yol açdı. Çünki Qarakənd terrorunda millətimizin qaymaqları faciəli şəkildə öldürüldü. Bu bir günlük terroru 1937-ci il repressiyası ilə müqayisə edərdim: həmin zaman Sovet rejiminin bir ildə apardığı terroru ermənilər bir anın içində həyata keçirdilər. Helikopterdə ölənlərin ictimai və siyasi nüfuzunu ancaq bu cür müqayisə ilə aydınlaşdıra bilərəm…
Nələri bilirik? 1991-ci il noyabrın 20-də, Xocavəndin Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində Azərbaycanın rəsmi şəxslərinin olduğu hərbi vertolyot qəzaya uğrayıb. Rusiya və Qazaxıstan hərbi müşahidəçilərinin də olduğu Mİ-8 vertolyotunun Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulması nəticəsində 22 nəfər həlak olub. Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu saat 14:42 dəqiqədə vurulub.
[caption id="attachment_14818" align="alignleft" width="800"]osmanz Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev qəzadan əvvəl[/caption]
Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatır. Lakin nə qədər maraqlı olsa da, bu faciə haqqında xəbər Xankəndindən erməni dilində yayımlanan “Vətən və vətəndaş” verlişinin xəbərlər bölümündə saat 15:30-də yayımlanıb. Həmin gün İrəvan radiosu saat 16:15-da, 17:00-da Moskva radiosu bu məlumatı efirə verib.
Bu faciəsi nəticəsində dövlət katibi Tofiq İsmayılov, baş prokuroru İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, jurnalistlər Osman Mirzəyev, Alı Mustafayev və bir çox dövlət məmurları həlak oldular. Çox maraqlıdır ki, Rusiyadan olan generallar faciə qurbanları arasında yox idi. Halbuki həmin vaxt Azərbaycanın yüksək rütbəli məmurları ilə birgə onlar da vertolyotda olmalı idilər.
qarakend-esas
Qəzanın baş verməsini araşdırmaq üçün Xankəndində yerləşən rus hərbi qarnizonunun hərbi prokuroru, polkovniki (bu rütbə ona cinayət işindən sonra verildi) İ.Lazukitinə 248-ci maddə ilə (RF CM) (Uçuşunun düzgün idarə olunması və insan təlafatı) cinayət işi açdı. Polkovnik İ.Lazutkin (anası Emilya Arustavna Baqdasaryan. Axalkalakidə anadan olub. İ.Lazutikin özü də 1989-cü ilədək Cavaxetiyada işləyib) ilkin istintaq materiallarını düzgün tərtib etmədiyindən heç nə anlamaq olmur. 1991-ci il noyabrın 24-də İrəvan televiziyasının xəbərlər proqramına müsahibə verən prokuror İ.Lazutikin iddia edir ki, həlak olan azərbaycanlılara ilkin yardımı guya "ermənilər göstərib"… Polkovnik bu terror aktını adi bir qəza kimi soyuqqanlıqla şərh edirdi… Belə ki, vertolyotun “qara qutusu”nu da əlinə keçirən bu polkovnik oldu. Ona toxunmaq qadağan edildi və belə bir məlumat da yayıldı ki, qara qutu “istidən və yanğından”, “partlayışdan” (onun sozləridir) sıradan çıxıb, əriyib. Azərbaycanlı mütəxəssislər yaxına buraxılmadı. Halbuki “qara qutu” Gəncədəki vertolyot təmiri zavodunda aşkarlana bilərdi. Prokuror İ.Lazutkin hamını aldatdı. Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün vertolyotdakı qara qutunu Rusiyaya göndərdilər. Ancaq sözügedən qara qutudan indinin özündə də heç bir səs-soraq yoxdur.
[caption id="attachment_14819" align="alignleft" width="768"]tofiq-ismaylov Azərbaycan Respublikasının dövlət katibi Tofiq İsmayılov[/caption]
ABŞ silahı ilə vurulan ictimai xadimlərimiz
Əvvəl rəsmi variant səsləndi: vertolyot dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir neçə gün sonra etiraf etdilər. Bütün şübhələri aradan qaldırmağa və Mi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu. Lakin Mi-8-in son uçuş tarixində həddindən artıq çox “ağ ləkələr” var. İndiyə qədər hələ də məlum deyil ki, niyə içində dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslər olan, hərbi əməliyyat zonası üzərindən uçan Mi-8-i silahlı mühafizə vertolyotu müşayiət etmirdi? Niyə onların hamısı bir vertolyotda idi - sadəcə elə bu fakt bütün mümkün və qeyri-mümkün təhlükəsizlik qaydalarına ziddir.
[caption id="attachment_14824" align="alignright" width="400"]ismet-qayibov Azərbaycan Respublikasının Baş Prokuroru İsmət Qayıbov[/caption]
Sonradan aparılan araşdırmalar nəticəsində məlum olur ki, Mi-8 72 hərbi vertolyotuna Amerika istehsalı olan Barret M82A1 silahından atəş açılıb (silahın tərkibində birləşmiş uran izotopu – “U-238”var). 50 kalibrli, tərkibində nüvə olan bu snayperli silahla2 km məsafədə uçan təyyarələri, helikopterləri, həmçinin zirehli maşınları sıradan çıxarmaq mümkündür. ABŞ Konqresində adı hallanan bu silah həm də kütləvi qırğın silahları cərgəsində gedir. Bu silah hədəfə dəyərkən ilkin olaraq güclü yanğın törədir. Buna “nüvə yanğını” deyirlər. Bu yanğının yayılma zərbəsindən obyektin qalıqları mərkəzdən 500-600 metr kənara atılır. Və beləliklə həmin gün Azərbaycanın nüfuzlu dövlət xadimləri müəmmalı "qəza" nəticəsində həlak oldular. Bu hadisə bəlkə də Azərbaycanın başına gələcək olan müsibətlərin xəbərçisi idi və artıq heçnə əvvəlki kimi olmayacaqdı.
"Qəza" nəticəsində şəhid olanlar:
Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi
İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror
Məhəmməd Nəbi oğlu Əsədov – Daxili İşlər naziri
Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini
Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili
Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili
Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri
Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
İqor Aleksandiroviç Plaviski – QMB-nin prokuroru
Vladimir Vladimiroviç Kovalyov – QMB-nin Daxili İşlər İdarəsinin rəisi
Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi
Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı
Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-nin müavini
Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru
Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant
Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi
Alı Mustafa oğlu Mustafayev – telejurnalist
Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı
Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator
Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri
Gennadi Vladimiroviç Domov – vertolyot heyətinin üzvü
Dmitri Borisoviç Yarovenko –vertolyot heyətinin üzvü
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun