30 Noyabr 2016
Mətni dəyiş
İdman mediası dəli olub, çox əsəbləşiblər, heç qaz, işığa gələn qiymət artımları onları belə özlərindən çıxarmamışdı. Bu hirslə AFFA binasının qarşısında mitinq də edə bilərlər.
İstədikləri bir şey var: Rəhim Həsənovun kəlləsi. Ay "jurnalistlər", görünür sizin bir yerləriniz çatmır, mən xaricdə yaşayıram, nə də olsa mənə asandı, mən soruşum: Erdoğan demiş, "Rəhim Həsənov, sen kimsin ya? Sen kimsin, terbiyesiz?" Sən kimsən axı "Qarabağ"-"Qəbələ" oyununun taleyinə təsir edən səhvlər buraxasan? Guya Rəhim Həsənov bilmir ki, çempionluq yolunda belə səhv buraxsa, onun hakimlik karyerası bitər? Hakimlik karyerası bitməsə də, "Qəbələ" futbolçularından birinin xalası, dayısı, bibisi, əmisi oğlanlarından 3-4 nəfər çıxıb, Rəhimin həyatını bitirə bilər?
Bu oyunda belə hoqqaların çıxacağı hələ Rəhim Həsənov oyuna təyin olunanda məlum idi. Təsəvvür edin, bu sezon cəmi 4 oyun var, yəni "Qarabağ"-"Qəbələ" arasında baş tutan oyunlar, çempionluğu da bu oyunlar təyin edəcək. Digər oyunlar, oyun filan deyil, mən arada parkdan keçəndə almanların həvəskar komandalarının oyununa baxıram, o belə bizim çempionatdan daha gərgin və maraqlı keçir, üstəlik tərəfdar sayı da çox olur.
Təsəvvür edin bu sezon çempionatda 4 oyun və 1 hakim var. O hakim də Əliyar Ağayevdi. AFFAnın, PFLin niyəti saf olsa, niyə çempionatından ən yaxşı oyununa ən yaxşı hakimi verməyib də, hansısa Rəhim Həsənovu təyin eləsin, ən yaxşı hakimi də qapı arxası hakim təyin eləsin? Üstəlik bu oyunun qalibi rəqibindən 3 xal irəli keçib, lider olacaqdı. Əlinizi vicdanınıza qoyun və deyin ki, bu oyuna Əliyarı deyil də, Rəhimi təyin edərdim.
Keçək əsas məsələyə: bu oyunda niyə "Qarabağ"a qələbə qazandırıldı: 1. "Qarabağ" Çexiya səfərindən 3-0 məğlub dönüb, keyiflər 0 həddədi, ona görə ən əsas rəqibə qarşı əldə ediləcək qələbə klubu özünə gətirəcəkdi 2. "Qarabağ"ın evdə çətin və ən vacib "Fiorentina" oyunu var, keyfi yerinə gələn oyunçular o oyuna daha yaxşı hazırlaşacaq. Çünki "Qəbələ" onsuz da 5 oyuna 0 xal yığıb, AFFA belə komandanın nəyinə kömək eləsin? Amma "Qarabağ" qrupdan çıxa bilər, ona görə hərə bir tərəfdən kluba dəstək olmağa çalışır, AFFA-nın da dəstəyi belədir. 3. Gələn il Çempionlar liqasına "Qəbələ"dənsə "Qarabağ"ın getməyi daha məqsədə uyğun görülüb, ona görə "Qarabağ"ı çempion etmək istəyirlər.
"Qarabağ" öz gücünə onsuz da çempion olmaq bacarığına sahibdi, amma nə olar, nə olmaz, işlərini qarantiyə alırlar. Dünən "Qəbələ" azarkeşləri oyuna 8 dəqiqə artırılmasına işarə vuraraq, zarafata yazırdılar ki, elə o biri qalan iki oyunu da bu gün oynayaq. Əziz azarkeşlər, ola bilsin "Qarabağ" Avropa Liqasında qrup mərhələsini keçdi, fevraldakı AL oyunlarında da "Qarabağ"ın kefini yerinə gətirmək lazımdı, axı. O iki oyunu o vaxta saxladılar.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.