Partiyalar qiymət artımına etiraz edir: "Qiymət artımı ölkədə sosial gərginliyi artıracaq"
29 Noyabr 2016
Mətni dəyiş
Noyabrın 28-də əvvəlcədən bildirilmədən, anidən işığın və qazın qiymətləri qaldırıldı. Cəmiyyətin müxtəlif təbəqələri qiymət artımı ilə bağlı narazılıqlarını dilə gətirib. Məsələ ilə bağlı müxalif partiyalar da açıqlama yayıb, etiraz ediblər.
"Qiymət artımı ölkədə sosial gərginliyi maksimum artıracaq"
Vətəndaş Həmrəyliyi Partiyası ölkədə təbii qaz, elektrik enerjisi və dərman vasitələrinin satış qiymətlərinin artırılmasına ilə bağlı bəyanat yayıb.
Abzas.net xəbər verir ki, sənəddə qiymət artımlarının ölkədəki ağır sosial-iqtisadi durumu daha da ağırlaşdıracağı üçün müvafiq qurumların qərara yenidən baxması tələb olunur.
"Neftin qiymətinin ucuzlaşması və Azərbaycan hökumətinin bu faktora qarşı çevik olmayan, ləng və yanlış iqtisadi siyasətinin acı nəticəsi özünü getdikcə daha dərindən büruzə verir. Büdcəyə daxilolmaların azalması və yaranan kəsirin əvəzini ödəmək üçün hazırda hökumətin kommunal xidmətlərin qiymətini qaldırmaq yolunu tutması çox acınacaqlı haldır".
Bəyanatda deyilir ki, təəssüf ki, hökumətin apardığı bu yanlış siyasətin acı nəticəsi yenə də xalqın üzərinə qoyulur və indiki halda qiymətlərin qaldırılması da hökumətin acizliyinin nəticəsidir:
"Çünki qiymət artımı ilə bağlı verilən açıqlamada bunun səbəbləri kifayət qədər əsaslandırılmayıb, həmçinin, bu artımın digər zəruri ərzaq məhsullarına təsirini önləmək üçün tədbirlər planı hazırlanmayıb. Məhz bunun nəticəsində bu artımdan sonra ölkədə yeni bir balahaşma, inflyasiya dalğasının yaşanacağı şübhəsizdir".
Vətəndaş Həmrəyliyi Partiyası hökumətin əsassız qiymət artımı haqqında qərarını qətiyyətlə pisləyir və bu addımın ölkə vətəndaşlarının onsuz da ağır sosial-iqtisadi durumunu daha ağır təsir edəcəyini bəyan edir.
Partiya hakimiyyətin bu qiymət artımının ölkədə sosial gərginliyi maksimum gücləndirəcəyini bildirir və bu qərara dərhal yenidən baxılmasını, maaşların artımı ilə qiymət artımı arasındakı disbalansı qorumasını tələb edir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də enerji daşıyıcılarının qiymətlərinin artırılması məsələsinə münasibət bildirib. O, məsələ ilə bağlı sosial şəbəkədə fikirlərini paylaşıb.
Əli Kərimli deyib ki, dərd o deyil qazın, onu da bəhanə edib elektrikin qiymətini qaldırıblar. Dərd odur ki, qiymətini 2 dəfə qaldırdıqları qazı xarici şirkətlər SOCAR-a havayı verirlər:
"Təəccüblənməyin, izah edirəm. 2015-ci ildə Azәrbaycanın əmtəəlik qaz istehsalı 19.2 milyard kubmetr olub. Onun 3.2 milyard kubmetri "Azəri-Çıraq-Günəşli" yataqlarından çıxarılan səmt qazıdır. Beynəlxalq şirkətlərlə imzalanmış neft müqaviləsinə görə həmin qaz SOCAR-a havayı verilir. SOCAR hər il təqribən 3 milyard kubmetr səmt qazını havayı əldə edir. Azərbaycanda əhalinin istifadə etdiyi qazın miqdarı da təqribən ildə 3 milyard kubmetr ətrafındadır. Məsələn, 2014-cü ildə əhalinin istifadə etdiyi qazın miqdarı cəmi 2.8 milyard kubmetr olub. Beləliklə, SOCAR havayı əldə edib əhaliyə satdığı qazın qiymətini iki dəfə artırıb".
"Bu yolla Azərbaycan iqtisadiyyatını xilas etmək mümkün olmayacaq"
Müsavat Partiyasının başqanı Arif Hacılı düşünür ki, Tarif Şurasının qərarı gözlənilən idi. O, Meydan TV-yə açıqlamasında deyib ki, Azərbaycan hakimiyyətinin apardığı yalnış iqtisadi siyasət, korrupsiya, rüşvətxorluq, eyni zamanda israfçılıq büdcə kəsirlərinə gətirib çıxarmalı idi:
“Azərbaycan hakimiyyəti əhalinin aztəminatlı kəsiminin az vəsaitlərini belə onun əlindən almaq yolu ilə büdcə kəsilərini aradan qaldırmağa çalışır. Təbii ki, bu yolla Azərbaycan iqtisadiyyatını xilas etmək mümkün olmayacaq. Bu qərar, ilk növbədə, ölkənin aztəminatlı hissəsinə daha ağır zərbə vuracaq”.