11 Noyabr 2016
Mətni dəyiş
Akşin İbişov
Çox olub ki, ətrafla futbola baxarkən kənardan "oyunu firlatdılar", "satdılar, döndərdilər" sözu matç həzzini məhv eləsin. Hər kəsə də izah etmək olmur. İki tip adam bunu deyir. Birincilər kantoralarda 5, 10, 15, 20, 1000 azn uduzanlar və ya nəticəni düzgün təxmin edə bilməyənlərdir.
Bu tipik təkamüllə insana gələn psixologiyadır, eqonun gücü ilə məğlubiyyəti özündən başqa səbəblərə yönəldib özünü ovutmaq. Sanki o boyda Messi bunların 5 manatına görə oyun oynayır. Halbuki eyni adamlar oyun yazıb pul udanda yazdıqları oyunları dahilik sertifikatı kimi adamın gözünə soxur və ya hər dəfə danışırlar.
İkinci tiplər cəmiyyətdə yer tutan ağıllı adamlardır, amma yenə də hansısa təkan çatmır ki, daha ağıllı olub, belə danışmasınlar. Baxırlar oyunun nəticəsi hansısa riyazi rəqəmlərdir. Riyazi nəticə olan prosesin də gərək kifayət qədər məntiqli izahı ola. Ona görə də özləri kantoralarda oynamasalar da, oyunun kimlərsə tərəfindən nəticəsinə təsir edildiyini və belecə böyük pulların qazanıldığını düşünürlər.
Bir az detallı düşünə bilsələr anlayarlar ki, əslində futbol oyunun nəticəsi riyazi deyil, riyazi nəticə topun neçə dəfə qapıdan keçməsidir. Topun qapıdan keçməsinin səbəb faktorları o qədər çoxdur ki, bunu hesablamaq və məntiqli izah etmək mümkün deyil. Milyonlarla faktor var, havanın durumu, küləyin sürətindən tutmuş, hansı ki, bunların özlərini təxmin etmək mümkünsüzdür, hansısa futbolçunun ailəsi ilə olan problemə qədər. Faktorların da hərəsinin fərqli effektləri var, modelləmək mümkün deyil. Ona görə adı üstündə, bu oyundur.
İndi isə gələk kantor tərəfindən oyunun alınıb satılmasına. Bunu hansı kantor edir, yüz minlərlə mərc platformaları var, hər birində yüzlərlə oyunun mərci var? Bir platformada bir oyuna çox pul qoyula bilər, başqa platformada başqasına, indi hansı platforma alır bu oyunları? Oyunlara ttəsiri necə edir?
Onda gərək düşünək ki, hər şeyi edən hansısa bir tək platformadır, bu artıq xəyali olur, yəni oyunların alınıb-satıldığını iddia edənlərin işi qaldı tək xəyali platformaya. İndi də gərək bu tək xəyali platformada yüzlərlə oyun yox, bir oyun oynansın, çünki yüzlərlə oyunu gedib alıb-satmaq mümkünsüz məsələdir. İndi də tək xəyali mərc platformasında bir tək xəyali oyun mərcə qoyulduğunu gərək düşünək.
Amma başqa müşkül çıxır, bu tək oyunun, qələbə, bərabər, məğlubiyyət, künc zərbəsi sayı, qol-qol, "no qol", 2 qoldan yuxarı, 3 qoldan yuxarı, təmiz nəticə kimi yüzlərlə fərqli nəticəsi mərcə qoyulur. Hələ bunun canlı oyun zamanı edilən mərclər var, bu xəyali platforma nəinki oyundan qabaq oyunun nəticəsini ala, hələ gərək oyun gedə-gedə də oyunu ala.
İndi bir tək olan xəyali mərc platforması, bir tək xəyali oyunun hansı nəticəsini mərcə qoyur və hansı nəticəni alış-veriş edir? Onda yenə gərək düşünək ki, bir tək xəyali mərc platforması, bir tək xəyali oyunun, bir tək nəticəsini alış-veriş edir. Bu isə xəyaldır, belə hal yoxdu.
İndi əgər belə xəyali hal varsa, biz nəticənin alınıb-satıldığını düşünürksə, onda biz beləcə platformanın nəyi alıb satdığını bilib onun əksinə hərəkət edib pul qazana bilərik. Belə olan halda da platforma bizim onların oyunları alıb satdığımızı bildiyimizi bilib başqa nəticəni alacaqdır, biz də bunu bilib artıq kantor ilə bilmə döngüsünə girəcəyik. Bu döngü çıxılmazdır, bunu çıxılan edən isə bu işi oyuna buraxmaq, təxmini faktorlara görə ehtimal yürüdüb əmsallar çıxarmaqdır.
Futbol klubları 23 oyunçu ilə qələbələr qazanıb, hər bir oyunçunun gözəl oyun göstərməklə klub dəyərini, tərəfdar sevgisini, reklam gəlirlərini, oyunçuların öz bazar dəyərlərini artırdıqları oyundur. Sənin 5 manatına qalmayıblar. Kantor gəliri başqa gəlirlərin yanında çox cüzi qalır.
Klublar kantor ilə əlbir olub milyonlar qazansa, heç bir klub iflas etməzdi, halbuki iflas edən nə qədər klublar var. Həm 90 dəqiqə oyuna baxıb, həm də hər dəfə "oyunu fırlatdılar" demək ən başda özünə hörmət qoymamaqdır. Mən özüm futbol oynayanda komanda ilə uduzmamaq üçün hər şeyi edirəm, amma sən iddia edirsən ki, milyonluq futbolçular çıxıb sənin 5 manatına görə artistlik edirlər.
Futbolda çox cuzi də olsa, danışılan oyun nümunələri olub, hətta pul gücünə təşviq olduğu da olub, amma bunu kantorlar etmir, hansısa yarışda qabağa getmək istəyən bəzi klublar ediblər. Təbii ki, leqal olmayan yolla edilən hərəkətlərin futbolda cəzası var. Futbolda oyun oynamağı da bacarmalısan, gerisi söz-söhbətdir.