16 Noyabr 2016
Mətni dəyiş
Qazaxıstanda ekoloji problemlərin həlli üçün yeni ictimai təşkilat - "Baytakbolaşak Ekoloji Alyansı" yaradılıb.
Təşkilatın Rəyasət Heyətinin üzvləri arasında tanınmış şair, ictimai xadim Oljas Süleymenov da var.
O, noyabrın 16-da Astanada keçirilən mətbuat konfransında deyib:
“Belə bir alyans bizim üçün çox vacibdir. Çünki iqtisadiyyatımıza təkcə dövlət yox, həm də xalq nəzarət etməlidir. Ekologiya da mədəniyyətin bir elementidir. Yeni alyans kənd təsərrüfatı, ağır sənaye, şəhərləşmə sahələrini nəzarətə götürməli və dövlətə xatırlatmalıdır ki, torpaq ona yox, xalqa məxsusdur”, - deyə o bildirib.
Oljas Süleymanov qeyd edib ki, alyans biznes,elm, dövlət orqanları, cəmiyyətin reaksiyası, ətraf mühitin bərpası və yaxşılaşdırılması, təbii ehtiyatlara hümanist yanaşma, iqtisadiyyatın bütün saghələrində məqbul və diqqətli idarəçilik, gənclik və KİV sahələrində səylərin birləşdirilməsilə bağlı məsələ qaldıracaq.
Yeni yaradılmış alyans ölkədə çoxlu problemlər olduğunu, xüsusilə ölkənin şimalındakı 6 uran yatağında vəziyyətin kəskin olduğunu xəbərdarlıq edir.
Alyansın üzvləri hesab edir ki, Manqışlaq vilayətindəki “Ölü dəniz” problemi ekologiyaya böyük təhlükə törədir.
Bundan başqa fermerlər kənd təsərrüfatı məhsullarının yetişdirilməsində kimyəvi gübrələrdən düzgün istifadə eləmirlər.
80 yaşlı Süleymenov sovet dövründə də Qazaxıstandakı ekoloji problemləri qaldırması ilə tanınıb.
O, siyasətə qoşulanda - 1989-cu ildə SSRİ xalq deputatı seçkilərinə qatılanda platformasının ilk punktu Qazaxıstanda nüvə sınaqlarının qadağan olunması idi.