25 Noyabr 2016
Mətni dəyiş
Son günlər Nardaranda polis gücləndirilmiş iş rejiminə keçib. Kəndin giriş və çıxış nöqtələrinə nəzarət gücləndirilib. Yerli sakinlər bu vəziyyəti 26 noyabr hadisələrinin il dönümü ilə əlaqələndirirlər.
Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat yayıb.
Onun sözlərinə görə, həlak olanların qohumlarına kütləvi şəkildə məzarları ziyarət etməyin yolverilməz olduğu barədə xəbərdarlıq veriblər.
“Kütləvi tədbirlərdən ehtiyat edən polis preventiv həbslər həyata keçirib, "Nardaran işi" çərçivəsində qohumları xəsarət alan və ya həbs olunan iki yerli sakin saxlanıb”.
Oqtay Gülalıyevin deməsinə görə, saxlanılanlardan biri – Faiq Şahbazov Sabunçu rayon polis bölməsinə, oradan isə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. O, 30 gün inzibati həbs cəzası alıb.
Bir müddət əvvəl Şahbazov sosial şəbəkədə tənqidi məqalələr dərc edib.
Saxlanılan digər yerli kənd sakini Saleh barəsində isə 228.1-ci maddə (qanunsuz silah saxlama) ilə cinayət işi açıldığı bildirilir.
O.Gülalıyev bildirib ki, Taleh Bağırzadə və digələrinin Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən məhkəmə prosesinə şahid kimi çağırılan şəxslərə gerçək ifadə verilməməsi üçün onlara polis tərəfindən təzyiqlər edilir.