"Kürdəxanı təcridxanasında "bandotdel"in şöbə müdiri Kərim Əlimərdanov və əməliyyat müvəkkili İslam Ağabəyov mənə dedi ki, üçdə birlə çıxıb uşaqlarının yanına getmək istəyirsənsə, get məhkəmədə Talehin əleyhinə ifadə ver, heç olmasa, istintaqdakı ifadəni təsdiqlədiyini de". Razılaşmadım. Dedilər ki, "onda Əli İnsanovun gününə qalacaqsan, oradan çıxmayacaqsan".
Noyabrın 7-də Nardaran işi üzrə məhkəmədə şahid qismində ifadə verən Mötəbər Babayev belə deyir. Onun özünü də ötən il noyabrın 26-da Nardaranda keçirilən əməliyyatdan dörd gün sonra həbs ediblər. Dediyinə görə, əvvəlcə Sabirabad Rayon Polis Şöbəsində işgəncələrə məruz qalıb, hətta zorlanmaqla hədələnib: "Boynuma silah qoymaq istəyirdilər. Nə qədər döydülər, boynuma götürmədim. Şalvarımı aşağı çəkəndə, dözmədim, yalvarıb-yaxardım ki, bunu eləməyin. Axırda rəis müavini Əlifağa Kazımov dedi ki, aparın kənddə həyətlərinə heroin qoyun, atasını götürüb gəlin bura. Onda dedim ki, atamın 51 yaşı var, heç vaxt şöbə-filan görməyib, bura gələn kimi ürəyi partlayar. Götürdüm boynuma. Guya, silahı Rövşən adlı adam mənə saxlamağa verib, mən də aparıb kənddə gizlətmişəm".
Şahidin dediyinə görə, onu Bakıya gətirib barəsində həbs-qətimkan tədbiri seçəndən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparıblar. Orada isə ondan "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırovun əleyhinə ifadə vermək tələb olunub: "Mənə dedilər ki, "sənə silahı Hacı Taleh verib. Əgər istəmirsənsə, birbaşa Talehin adını yazmayaq. Yazaq ki, Əkbər verib, onsuz da o ölüb. Ya da Abbasın adını yazaq, onu da elə günə qoymuşuq ki, o da bu gün sabahlıqdır". Axırda yazdılar ki, guya Hacı Taleh Əkbər rəhmətliyə verib, o da mənə. Allaha and olsun, elə işgəncələr verirdilər, insan ləyaqətinə toxunan elə hərəkətlər eləyirdilər ki, öldürsəydilər, ondan yaxşı idi. Əllərim arxadan bağlı vəziyyətdə elə yerdən vururdular ki, dözmək mümkün deyildi. Dubinka və butulka ilə məni zorlamaq istəyirdilər. Ona görə də gətirdilər, qol çəkdim. Dekabrın 29-da Kürdəxanı təcridxanasına köçürdülər. Fevralda gəldilər ki, «Hacı Talehlə üzləşmədi, gedib üzünə durmalısan». Nə qədər elədilər, razılaşmadım".
Həmin silah ittihamı ilə Mötəbər Babayevə 2 il 6 ay həbs cəzası verilib və Xələcdəki 5 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. Taleh Bağırov və daha 17 nəfərin işi üzrə məhkəmədə ifadə vermək üçün bir müddət əvvəl cəzaçəkmə müəssisəsindən Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasına köçürülüb. Dediyinə görə, oktyabrın 19-da BMCMİ əməkdaşları axşam saat 23 radələrində ora gəlib onu hədələyiblər.
Sabunçu RPİ-nin qarşısında aksiya - 5 noyabr 2015
"Onu da bilirəm ki, dediklərinə əməl eləmədiyimə görə mənə nəsə eləyəcəklər. Ya Xələcdə nəsə düzüb-qoşacaqlar, ya çıxandan sonra yenə tutacaqlar. Özləri də xəbərdarlıq eləyiblər ki, "Əli İnsanovun gününə qoyacağıq səni". Amma mən adamın üzünə durub olmayan şeyi necə deyim?", – şahid ifadəsinin sonunda əlavə edib.
Vəkil Yalçın İmanov Nardaran işi üzrə şahidlərə qarşı bu cür təzyiqləri "Azərbaycanın məhkəmə tarixinə qara ləkə kimi düşən biabırçı hadisə" adlandırıb. Daxili İşlər Nazirliyinin tabelində olan qurumların, o cümlədən BMCMİ-nin, Sabunçu RPİ-nin şahidləri hədələdiyini, onları çağırıb işgəncə verdiyini deyən vəkil məhkəmənin şahid Mötəbər Babayevin təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görməsi barədə şifahi vəsatət qaldırıb.
Vəkil Gülşən Salmanova baş verənlərin ilk növbədə məhkəmənin özünə qarşı hörmətsizlik olduğunu vurğulayıb: «Məhkəmə öz acizliyini göstərir. Məhkəmə özünə qarşı bu cür hörmətsizliyə görə qətiyyət ortaya qoymalıdır. Nə vaxta qədər belə davam edəcək?».
[caption id="attachment_11289" align="alignnone" width="1140"]
Taleh Bağırzadə[/caption]
Taleh Bağırov xatırladıb ki, hələ 2013-cü ildə "bandotdel"də işgəncə yolu ilə onun əleyhinə ifadə verməyə məcbur edilmiş Hacı Kamran Seyidov sonradan vicdan əzabından intihar etdi. Ölümündən əvvəl də məktub yazıb məhz bu səbəbdən özünü asdığını bildirdi: "O adam vicdan şəhidi oldu və onun ölümünün məsuliyyəti Ramil Usubovun, İlham Əliyevin üzərindədir. İndi bu adama da nəsə olsa, məsuliyyət ilk növbədə sizin, Ramil Usubovun və İlham Əliyevin üzərində olacaq".
Bugünkü məhkəmə iclasında həmçinin, Sabunçu RPİ-nin rəisinin sürücüsü Afiq Şükürov zərərçəkmiş qismində dindirilib. O deyir ki, keçən il noyabrın 5-də idarənin qarşısında "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımovun azadlığa buraxılması tələbi ilə keçirilən aksiya zamanı atılan daş başına dəyib. Dediyinə görə, həmin vaxt mülki geyimdə olub. Vəkillərin "Sürücünün aksiyada nə işi vardı?" sualına cavab olaraq bildirib ki, həm də polisdir, çavuşdur.
Başından daş dəyən kimi huşunu itirdiyini, idarədən birbaşa DİN-in hospitalına aparıldığını və gözünü orada açdığını deyən sürücünün istintaqdakı ifadəsi ilə məhkəmədə dedikləri arasında ziddiyyət olub. Məhkəmədə birbaşa hospitala aparıldığını desə də, istintaqdakı ifadəsində evinə getdiyini bildirir. Şükürov bu ziddiyyətə aydınlıq gətirə bilmədi. Təqsirləndirilən şəxslər onun yalan danışdığına görə məsuliyyətə cəlb olunmasını tələb etdilər.
Məhkəmə prosesi davam edir.