Nardaran işi: "Məhkəmə prosesi süni şəkildə uzadılır"

Nardaran işi: "Məhkəmə prosesi süni şəkildə uzadılır"
23 Noyabr 2016
Mətni dəyiş
Nardaran hadisələrinə görə təqsirləndirilərək məhkəmə qarşısına çıxarılan şəxslər işə baxan hakimdən narazıdılar.
Nardaran işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrliyilə, Mahmud Ağalarov və Eldar Mikayılovdan ibarət hakimlər kollegiyası baxır. Təqsirləndirilən şəxslərdən Abbas Hüseynov Əlövsət Abbasovun bu işdən uzaqlaşdırılması üçün məhkəməyə yazılı etiraz verib. O, etirazında hakimin prosesi qərəzli apardığını, təqsirləndirilən şəxslərə fikirlərini ifadə etməyə yetərincə imkan yaratmadığını göstərib. Qeyd edib ki, ötən məhkəmə iclaslarının birində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Emin Babayev dindirilərkən onun yalanını ifşa etməkdən ötrü müdafiə tərəfinin verdiyi sualların qarşısı alınıb, proses yarımçıq dayandırılıb və Ə. Abbasov təqsirləndirilən şəxsləri "hamınız cəzalanacaqsız" deyərək hədələyib.
Noyabrın 23-də keçirilən məhkəmə iclasında A. Hüseynovun etirazı müzakirəyə çıxarılıb. Digər təqsirləndirilənlər də etirazı dəstəkləyiblər. Vəkillər də etirazın təmin olunmasını istəyiblər.
Amma dövlət ittihamçısı Nəsir Bayramov etirazı əsassız hesab edib. Deyib ki, təqsirləndirilən şəxslərə sözlərini deməyə yetərincə şərait yaradılır, onların heç bir hüququ məhdudlaşdırılmır.
Məhkəmə tərkibindəki digər iki hakim etirazı müzakirə etməkdən ötrü müşavirəyə gedib. Təxminən saat yarım çəkən müşavirədən sonra etirazın baxılmamış saxlanıldığı açıqlanıb. Deyiblər ki, Əlövsət Abbasovun bu işə qərəzli yanaşdığını təsdiqləyən heç bir sübut yoxdur.
Bu gün həmçinin bəlli olub ki, Nardaran işi üzrə istintaqda dindirilmiş şahidlərin bir qisminə məhkəmədə ifadə vermək üçün çağırışlar göndərilsə də, onlar gəlmirlər. Bu səbəbdən məhkəmə noyabrın 29-na qədər təxirə salınıb.
Təqsirləndirilən şəxslərdən Fuad Qəhrəmanlı hesab edir ki, məhkəmə prosesi süni şəkildə uzadılır. O, məhkəmənin bu cür səbəblərlə uzun müddət ertələnməsinə etiraz edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun