Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti toplantısı olub

Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti toplantısı olub
24 Noyabr 2016
Mətni dəyiş
Noyabr ayının 23-də Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti toplantısı olub. Toplantıda ölkədəki sosial-siyasi vəziyyət, iqtisadi durum, Azərbaycana təsiri ola biləcək beynəlxalq proseslər müzakirə edilib.
Milli Şuranın sədri professor Cəmil Həsənli, qurumun KM-nin üzvü, Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli noyabr ayının 22-də Birləşmiş Ştatların Bakıdakı səfirliyində ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinklə keçirdikləri görüş haqqında KM-nin üzvlərinə məlumat veriblər.
Onlar bildirdilər ki, Müsavat Partiyasının başqanı Arif Hacılı və REAl hərəkatının icraçı direktoru Natiq Cəfərlinin iştirak etdiyi görüşdə Azərbaycandakı mövcud siyasi-iqtisadi vəziyyət, Azərbaycan – Amerika münasibətlərinin bu günü və sabahı, insan haqları, siyasi məhbus məsələsi, iqtisadi və idarəçilik islahatlarının zəruriliyi kimi məsələlər ətrafında müzakirələr aparılmışdır. Ölkədə maliyyə böhranının dərinləşməsi ilə bağlı qeyd edilmişdir ki, faktiki olaraq manatın üçüncü devalvasiyası baş vermişdir. Belə ki, ikinci devalvasiya zamanı manat 27 qəpik həcmində dəyərin itirmişdisə, son devalvasiyadan sonra keçən müddət ərzində bu dəyərdən düşmə 29 qəpik həcmində olmuşdur. Koordinasiya Mərkəzinin toplantısında Qarabağ müharibəsində şəhid və qazı olmuş insanların sosial təminatı ilə bağlı geniş müzakirə aparılmışdır.
Müzakirələr zamanı qeyd edilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” rəsmi qanun olmasına baxmayaraq hökumət uzun illərdir ki, bu qanun üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Həmin qanunun tələblərinə görə Qarabağ müharibəsində şəhid olan hər bir döyüşçünün ailəsinə 11 min manat pul vəsaiti ödənilməlidir. Eyni zamanda qanunun tələbinə görə vətən uğrunda döyüşlərdə yaralanıb əlil olmuş hər bir döyüşçüyə 8 min 800, ikinci qrup Qarabağ əlillərinə 6 min 600, üçüncü qrup Qarabağ əlillərinə isə 4 min 400 manat sığorta pulu ödənilməlidir. KM-nin üzvləri öz çıxışlarında qeyd etmişlər ki, Avropa yay oyunlarına, Formula 1 kimi mənasız idman yarışlarına milyarda manatlarla vəsait xərcləyən, nazirinə 300 min, nazir müavinin 30-50 min manat aylıq paket verən bədxərc bir hakimiyyətin uzun illər ərzində öz canını vətən torpaqları uğrunda müharibədə fəda etmiş, Qarabağ döyüşlərində qanını axıtmış döyüşçülərin qan pulunu verməməsinin izahı ola bilməz.
Müzakirələr zamanı xatırlanmışdır ki, işğalçı dövlət olan Ermənistan işğal əməliyyatında həlak olmuş və birinci qrup əlil statusu almış hər bir əsgər və zabitinə 20 min 900 dollar kompensasiya ödəmişdir. Eyni zamanda müharibədə şikəst olub II və III qrup əlil olmuş ermənilərə isə bunun yarısı, 10 min 400 dollar həcmində kompensasiya verilmişdir. Bu halda sual olunur: uzun illər ərzində hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən artıq olan bir hökumət indiyə qədər şəhid və qazilərin qan pulunu ödəməməsin nə ilə izah edə bilər? Müzakirələr zamanı ona da diqqət yetrilmişdir ki, bir vaxtlar şəhid ailələri üçün müəyyən edilmiş 11 min manat 14 min dollara bərabər idisə, manatın dəfələrlə devalvasiyasından sonra indi bu 6 min dollardan bir qədər artıq edir.
Ona görə KM-nin üzvləri şəhid ailələrinə və qazilərə ödənilməli olan vəsaitin indekzasiyasının keçirilməsini zəruru hesab etmişlər. Toplantıda REAL hərəkatının lideri İlqar Məmmədovun Ali Məhkəmədə keçirilmiş son məhkəmə prosesində qanunsuz olaraq həbsdə saxlanmasından hiddət ifadə edilmişdir. Avropa İnsan Haqları Məhkəməsinin hələ, 2014-cü ildə İlqar Məmmədovun dərhal azad edilməsi haqqında qərarı olmasına baxmayaraq onun yerinə yetirilməməsi qanunsuzluq aktı kimi qiymətləndirilmişdir. Toplantıda “Rabitə işi” ilə bağlı açılan rüsvayçı korrupsiya faktları ilə bağlı hökumətdən və hakimi Yeni Azərbaycan Partiyasından izahat tələb olunmasının zəruriliyi vurğulanmışdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun