23 Noyabr 2016
Mətni dəyiş
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin noyabrın 24-də məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi istəniləcək.
Məmməd İbrahim cəzasının üçdə bir hissəsini çəkdiyindən bundan ötrü məhkəməyə müraciət olunub.
Bu barədə siyasətçinin oğlu Turan İbrahim məlumat verib. Onun sözlərinə görə, vəkillər M.İbrahimin məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair vəsatət veriblər.
Vəsatətə 16 saylı cəzaçəkmə müəssisəsində keçiriləcək məhkəmə prosesində baxılacaq.
Cinayət-prosessual qanunvericiliyə görə, məhkum cəzasının üçdə birini çəkdikdə məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilə bilər.
Xatırladaq ki, M.İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında ötən il sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevi vurmaqda ittiham olunan Məmməd İbrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
Bir müddət sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı ayırmaq istərkən Məmməd İbrahim onları da vurub.
Bundan sonra M.İbrahimə ittihamı ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib.
Ancaq M.İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.