30 Noyabr 2016
Mətni dəyiş
Nardaran işi üzrə məhkəmədə dava düşüb. Nəticədə təqsirləndirilən şəxslərdən Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov, Abbas Hüseynov və Cabbar Cabbarovun məhkəmə iclaslarından uzaqlaşdırılması haqda qərar çıxarılıb.
Hadisə noyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Samir Haşımov dindirilərkən baş verib.
Samir Haşımov 2015-ci il noyabrın 5-də Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun həbsindən sonra adamların Sabunçu RPİ-nin qarşısında toplaşması və ondan sonrakı hadisələr haqda danışıb və vəkil Nemət Kərimlinin suallarının bir çoxuna "xatırlamıram", "bilmirəm" cavablarını verib. Ona görə vəkil polis əməkdaşında yaddaş pozğunluğunun olub-olmaması üçün tibbi ekspertiza keçirilməsi məsələsini qaldıranda Haşımov kobud cavab verib. Polisin bu cür davranışı və hakimin ona irad bildirməməsi təqsirləndirilən şəxslərin etirazına səbəb olub.
Bundan sonra Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası təqsirləndirilən şəxslərdən Taleh Bağırov, Abbas Hüseynov və Cabbar Cabbarovun məhkəmə zalından kənarlaşdırılması haqda qərar çıxarıb.
Məhkəmə zalı tam boşaldılıb, 18 təqsirləndirilənin hamısı çıxarılıb. Üç nəfər haqda qərara etiraz olaraq, qalan 15 nəfər də məhkəmə zalına qayıtmaqdan imtina edib.
Təqsirləndirilən şəxslərin iştirakı olmadan məhkəməni davam etdirən hakimlər bütün təqsirləndirilən şəxslərin prosesdən uzaqlaşdırılması haqda qərar verib.
Polis əməkdaşı Samir Haşımovun dindirilməsi isə davam edib. Hakim vəkillərdən şahid polisə sualları olub-olmadığını soruşanda vəkillər bildirib ki, onlar təqsirləndirilən şəxslərin mənafeyini müdafiə edirlər. Onların iştirakı olmadan, mövqelərini öyrənmədən heç bir sual verə bilməzlər.
Bundan sonra məhkəmənin dekabrın 2-nə qədər təxirə salındığı elan olunub.