Foto: sosial media
18 Noyabr 2016
Mətni dəyiş
İlqar Məmmədovun həbsi ilə bağlı ən geci yanvar ayına qədər Azərbaycan hökuməti Avropa İnsan Haqları Məhkəməsinə cavab verməlidir, vəkil Fuad Ağayev BBC Azərbaycancaya müsahibəsində deyib.
Vəkilin sözlərinə görə, İlqar Məmmədovun həbsi ilə bağlı AİHM-ya ikinci şikayət məktubu göndərilib və indi cənab Ağayev "yeni ilə yeni qərar" gözləyir.
Bu gün Ali Məhkəmə ReAL Hərəkatının həbsdəki lideri, İlqar Məmmədovun həbsi ilə bağlı Şəki Apelyasiya Məhkəməsinin qərarından kassasiya şikayətinə baxaraq onu qüvvədə saxladı.
2014-cü ildə Avropa Məhkəməsi İlqar Məmmədovun şikayətini təmin edərək ona 22 min avro məbləğində təzminatın ödənilməsi üzrə qərar çıxarmışdı. Məhkəmə həmçinin İlqar Məmmədovun dərhal azad olunmasını təmin edən addımlara çağırmışdı.
"Sözünü tutsun"
Müsavat partiyasının başqan müavini Tofiq Yaqublu qərarı "tam siyasi" adlandırır və əlavə edir ki, "məhkəmələrdə şəxsən İlham Əliyev özü gəlib dinləməlidir və suallara cavab verməlidir".
"Brüsseldə İlham Əliyevə sual verdilər, İlqar Məmmədov barəsində çıxarılan məhkəmə qərarından. O da dedi ki, narazıdırsa Avropa İnsan Haqları Məhkəməsinə versin. O da verdilər və kişi barəsində azadlığa çıxması barədə qərar çıxdı. Heç olmasa o sözünü tutsun və dərhal İlqar Məmmədovu azadlığa buraxsın", cənab Yaqublu deyir.
Tofiq Yaqublu İlqar Məmmədovla eyni vaxtda və eyni ittihamla həbs olunaraq 5 il azadlıqdan məhrum olub. O, bu ilin mart ayında əfv fərmanı ilə azadlığa buraxılıb.
ReAL hərəkatı İdarə Heytətinin üzvü Azər Qasımlı məhkəmə qərarının gözlənilən və "qeyri-ədalətli" olduğunu deyir.
"Azərbaycan iqtidarı bir daha Avropa İnsan Haqları Məhkəməsinin qərarının onlar üçün önəmli olmadığını, bu qərarlara tüpürdüyünü, üzərlərinə götürdüyü öhdəlikləri bir heç hesab etdiklərini bəyan etmiş oldular. Bir tərəfdən isə Azərbaycan hakimiyyəti İlqar Məmmədovdan qorxduğunu, onun bu iqtidara əsas alternativ olduğunu bir daha Azərbaycan cəmiyyətinə, bütün siyasi aktivlərə bildirmiş oldu", deyə cənab Qasımlı "hərəkat bundan sonra daha da çox çalışacaq və güclü təşkilata çevriləcəkcək" deyir.
REAL Hərəkatın lideri İlqar Məmmədov 2013-cü ildə İsmayıllıda baş verən etirazlardan sonra kütləvi iğtişaşlara çağırış və hakimiyyət nümayəndələrinə müqavimət göstərmək ittihamı ilə həbs olunub və 2014-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Apelyasiya Məhkəməsi hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılmaqdan ötrü Şəki Apelyasiya Məhkəməsinə göndərmişdi.
Bir müddət əvvəl, Avropa Şurası Nazirlər Komitəsi İlqar Məmmədov barədə Avropa İnsan Hüquqları Məhkəməsinin hökmünün Azərbaycan hakimiyyəti tərəfindən icra olunmaması haqda birgə bəyanat yayaraq həbsdən "dərindən narahat" olduqlarını bildiriblər.
İlqar Məmmədov bütün ittihamları rədd edir və həbsinin siyasi sifariş olduğunu deyir.
2013-cü ildə Avropa parlamenti Azərbaycan hakimiyyətini ReAL hərəkatının liderini azad etməyə səsləmişdi.
Azərbaycan Xarici İşlər Nazirliyi qətnamə ilə bağlı bəyanat verərək onu "qəbuledilməz" adlandırıb.