"Həyətlərinə heroin atın, atasını da tutub bölməyə gətirin"
8 Noyabr 2016
Mətni dəyiş
"2013-cü il martın 31-də həbs olunan zaman bəzi adamlardan mənə qarşı ifadə aldılar. Onlardan biri də Kamran Seyidov idi. Ona "Bandotdel"də işgəncə verib, video çəkib əleyhimə ifadə almışdılar. Həmin adam buna dözə bilmədi. Özünü bir neçə ay sonra asıb öldürdü. Özü də seyid nəslindən idi. Neft şirkətində işləyirdi, heç bir maddi sıxıntısı yox idi. Bu adamın özünü asması birbaşa "Bandotdel"in üzərindədir. Bizim məlumatımız var, yenə də şahidlərə işgəncə verilir. Nəsə olsa buna İlham Əliyev, siz və Ramil Usubov məsuliyyət daşıyır. On günə buranı şüşələdiniz. Edirdiniz əvvəldən edərdiniz".
Bu sözləri Taleh Bağırzadə məhkəmədə çıxışı zamanı deyib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən Abbas Hüseynov da təqsirləndirilən şəxslərin əyləşdikləri yerin şüşə qəfəslə əvəz edilməsinə etiraz edib: "Kül bu hakimiyyətin başına ki, insanlara söz haqqı vermir".
Daha sonra iclasda şahid Rasim Aslanov ifadə verib. O, ötən il noyabrın 5-də Sabunçu rayon Polis İdarəsinin qarşısında olan hadisələr haqqında danışıb: "Mənim evim oraya yaxıındır. Evə gedəndə gördüm ki, adamlar yığışıb, mən də getdim. Bu zaman məni də tutub döyə-döyə idarəyə apardılar. Mən orada səsimi çıxarmadım. Lakin bir neçə adam qışqırıb təbii ehtiyaclarını ödəməyə getmək istədiklərini deyirdilər. Onları döyüb işgəncə verirdilər. Məni bir gün saxlayandan sonra soruşdular ki, "Facebook"a girirəm, ya yox. Mən də dedim, girmirəm. Yoxladılar,gördülər heç kimlə əlaqəm yoxdur, buraxdılar".
Vəkil Nemət Kərimli isə təqsirləndirilən şəxlslərin şüşə qəfəsdə əyləşmələrinə narazılıq edib: "Avropada da bu şərait ləğv edilib. Hətta faşistlər də vəkillərin yanında əyləşiblər. Bu akvariuma oxşayır. Bilirəm sizlik məsələ deyil. Deyirəm ki, protokola düşsün".
Daha sonra iclasda şahid qismində Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Afiq Şükürov dindirilib. O, 5 noyabr hadisələri vaxtı başına daş dəydiyini və huşunu itirdiyini deyib: "Ayılanda hospitalda idim. Orada on gün müalicə olundum". O, istintaq zamanı ifadəsində isə deyib ki, başına daş dəyəndən sonra ayağa durub və evə gedib.
A.Şükürov bu ziddiyyətin səbəbini izah edə bilməyib. Fuad Qəhrəmanlı isə ona sual verib: "Bu qədər adamın qarşısında yalan danışmağa görə utanırsınızmı?" O, yalan danışmadığını deyib. Bildirib ki, başına daş dəyib, ağlı başından çıxıb. F.Qəhrəmanlı isə ona "Sizin çəkidə olan adam başına daş dəyməklə özündən gedə bilməz. Gərək o kubik olaydı ki, siz özünüzdən gedərdiniz"-deyib.
Vəkil Yalçın İmanov isə deyib ki, şahidlə bağlı Təcili Tibbi Yardım Stansiyasına sorğu veriblər və sorğuya gələn cavabda qeyd edilib ki, ona tibbi yardım göstərilib, lakin harasa aparılmayıb.Hakim isə deyib ki, şahidin dedikləri protokola qeyd edilir.
F. Qəhrəmanlı hakimin şahidi müdafiə etməsinə etiraz edib: "Heç olmasa bir az pərdəli edin. Özünüzü yalan danışan şahidin vəkili kimi aparırsınız. Yalanı malalamaqla məşğulsunuz. Bizi nə sayırsınız?" F. Qəhrəmanlı daha sonra şahiddən soruşub: "Siz dediniz, ağlınız başınızdan getdi. Daha sonra ağlınız yerinə qayıtdı?" Hakim sualı çıxarıb.
Abbas Hüseynov isə deyib ki, şahid xəsarəti başqa yerdə alıb, lakin yalandan orada aldığını deyir:
"Bu, Ramil Usubovla Ramiz Mehdiyevin bişirdiyi aşdır. Lakin dibin yandırıblar".
Daha sonra iclasda şahid qismində Möhtəbər Babayev ifadə verib. M. Babayev Sabirabad sakini olduğunu, silah ittihamı ilə şərlənərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edildiyini deyib: "Noyabrın 25-də Nardaranda İmam Hüseyn məclisində iştirak etdim. 26 noyabrda isə səhər tezdən oradan çıxıb Biləcəridəki evimə gəldim. Bir müddət sonra telefonla mənə məlumat verdilər ki, Nardaranda belə hadisə olub. Mən də yenidən Nardarana qayıtdım. Lakin orada postlar qurulduğundan dörd gün qəsəbədən çıxmaq mümkün olmadı. Dörd gündən sonra oradan çıxıb Sabirabada, atamgilin yanına getdim. Bir gün sonra orada məni polislər saxlayıb şöbəyə apardılar. Guya yolda söyüş söymüşəm. Məni on gün müddətinə inzibati azadlıqdan məhrum etdilər. Daha sonra başladılar döyüb, təhqir etməyə.
Mənim boynuma silah ittihamını qoymaq istədilər. Mən boynuma almayanda dedilər:
"Gedin həyətlərinə heroin atın, atasını da tutub gətirin bölməyə". Buna atam dözməzdi. O, heç vaxt türmə görməyib. Mən də məcbur olub silah ittihamını qəbul etdim. Sonra Bakıya "Bandotdel"ə gətirdilər. Orada da işgəncələr oldu. Güya silahı mənə Taleh Bağırzadənin göstərişi ilə Abbas Hüseynovla Əkbər verib. Kərim Əlimərdanovla İslam Ağabəyov işgəncə verirdilər. Zorla mənə ifadəyə qol çəkdirdilər. Kərim deyirdi ki, Talehin üzünə durmalısan. Bakı istintaq təcridxanasında olanda gəldilər ki, Talehin üzünə dur. Mən də razılaşmadım".
Möhtəbər Babayev daha sonra deyib: "Bu məhkəməyə gəlməzdən əvvəl isə Kərimlə İslam mənim olduğum təcridxanaya gəldilər. Dedilər ki, sən cəzanın bir hissəsini çəkmisən. Buna görə vaxtından əvvəl azadlığa çıxa bilərsən. Çıx məhkəmədə üzlərinə dur, söz veririk, səni buraxdıracağıq. Əgər razı olmasan Əli İnsanov kimi içəridə çürüyəcəksən. İstintaq zamanı verdiyim ifadədən imtina edirəm. Nardaranda kiməsə silah paylanılmayıb, dövlət çevrilişindən danışılmayıb. Olsaydı, mən orada olmazdım. Biz şiəyik. Bizim iki düşmənimiz var. Biri ermənilər, biri vəhhabilərdir. Biz vəhhabi deyilik ki, qadın, uşaq qatili olaq. Sabirabad Polis Şöbəsində rəis və müavini Əlifağa Kazımov mənə işgəncə verirdilər. Həm orada, həm "Bandotdel"də ləyaqəti alçaldan işgəncələr verilib. Şalvarımı çıxarmaq istəyirdilər, yalvarıb qoymadım. "Bandotdel"də məni butulka, dubinka ilə zorlamaq istəyirdilər. Öldürmək fikirləri var idi. Cinsiyyət üzvümdən vurub deyirdilər ki, sizin nəslinizi kəsmək lazımdır. "Bandotdel"də olanda Qırmız Xaç Komitəsindən gəlmişdilər. Mən gördüm onlar xaricilərdir. Öz ölkəmi satmadım. Yalandan dedim, hər şey yaxşıdır. Mənim adımı qoymuşdular ki, İrana işləyir. Mən heç İrandan olmamışam, farsca bilmirəm. Bura gəlməzdən əvvəl Kərimgil istintaq təcridxanasına gəlib gecə vaxtı mənimlə görüşdülər. Dedilər, heç olmasa istintaqa verdiyin ifadəni təsdiq elə. Dedim, edə bilmərəm, Allahdan qorxuram. Gördüm ki, döyməkdən çəkinirlər, çünki məhkəməyə çıxacağımı bilirdilər. Onsuz da Kərim və İslam məndən əl çəkən deyillər. Bilirəm azadlığa çıxsam da, qoymayacaqlar qalım, yenə tutacaqlar ".
Taleh Bağırzadə isə deyib ki, onları təhqir edənlər ana-bacılarını tanımayan adamlardılar: "Bakı İstintaq təcridxanasında sizinlə üzləşmə olan gün müstəntiq çox əsəbləşmişdi sizə. Deyirdi, bu, niyə üzə durmur axı. Sizə də nə qədər dedi ki, Talehin üzünə dur, siz etmədiniz. Azərbaycanda müstəqil məhkəməyə yoxdur. Hər şey Prezident Aparatının əlindədir. Əgər şahidlərə nəsə olsa, məsuliyyət İlham Əliyev və Ramil Usubovundur. Mən azərbaycanlılarla fəxr edirəm ki, belə oğulları var".
Vəkil Yalçın İmanov isə deyib ki, şahidlərin hamısı təzyiq altındadır: "Bir hissəsini Sabunçuya, bir hissəsini "Bandotdel" ə aparıblar. Mən birinci dəfədir belə halla qarşılaşıram. Prokurorluğa sorğu göndərilsin, araşdırılsın görək Kərim Əlimərdanovla İslam Ağabəyov gecə vaxtı istintaq təcridxanasına necə daxil olublar. Bu biabırçılıqdır. Müdafiə tərəfinin də şahidləri qorxurlar gəlib ifadə verməyə".
Vəkil Gülşən Salmanova da məhkəmədən qətiyyət nümayiş etdirməyi istəyib: "Hər gələn şahid deyir ki, təzyiq olub. Necə edək, araşdırmayaq bu işi?"
Vəkil Zibeydə Sadıqova isə deyib ki, ötən iclas zamanı ifadə verən və sonradan Sabunçu rayon Polis idarəsinə aparılıb təzyiq olunan şahidlər Samir Babayevlə Valeh Abbasov yenidən polis idarəsinə çağrılıblar: "Onlardan izahat alınıb ki, güya onlara idarədə heç bir işgəncə verilməyib. Deyiblər, əks halda narkotik ittihamı ilə həbs olunacaqlar". Vəkil bununla bağlı prokurorluğa sorğu göndərilib, araşdırılmasını istəyib.
Fuad Qəhrəmanlı isə deyib ki, məhkəmə özünü tərəfsiz göstərmək üçün hansısa bir qərar verməli idi: "Görürəm heç bir addım atmırsınız. Bəlkə sizi də aparıb işgəncə veriblər. Əgər elədirsə, deyin sizin də hüquqlarınızı müdafiə edək".
Şahid ifadəsindən imtina etdi
Daha sonra iclasda şahid qismində Tural Allahverdiyev ifadə verib. O, istintaq zamanı verdiyi ifadəni imzalamadan qol çəkdiyini deyib: "Fikirləşdim ki, yəqin dediklərimi yazıblar. Mən noyabrın 5-də Sabunçu rayon Polis İdarəsinin qarşısına getmişdim. Orada məni tutdular. Elə bildilər daş atmışam. Sonra bildilər ki, daş atan mən deyiləm, buraxdılar". Onun istintaq zamanı ifadəsi elan edilib. O, ifadəsində bildirib ki, Abbas Hüseynov ona zəng edərək Taleh Bağırzadənin həbsdən çıxacağını deyib: "Abbas dedi ki, Taleh bizim liderimiz və gələcək prezidentimizdir. Onu gedib qarşılamaq lazımdır. Mən də dedim belə söhbətlər etmə. Talehi də qarşılamağa getmədim. Gördüm ki, onlar silahlanmaqdan danışırlar, onlardan uzaqlaşdım". Şahid isə belə ifadə vermədiyini deyib.
Taleh Bağırzadə isə deyib ki, əməliyyat zamanı prezidentə deyiblər ki, Taleh onun yerinə gəlmək istəyir: "Yəqin deyib aldadıblar. Onun ölkədən xəbəri yoxdur. Başı əyləncələrə qarışıb. Ölkəni idarə edən olsaydı, biz buraya düşməzdik. Bu ölkəni idarə edən yoxdur".
Abbas Hüseynov isə Taleh Bağırzadəni prezident kimi gördüyünü deyib: "Bu, cinayət deyil. Əgər siz ədalətli hökm çıxarsanız, gələcəkdə sizi məhkəmənin sədri təyin edəcəyəm".
Daha sonra iclasda zərərçəkmiş qismində 15-ci Polis Bölməsinin əməkdaşı Mehman Mədətov ifadə verib. O, ötən il noyabrın 5-də baş verən hadisələr zamanı ayağına daş dəydiyini deyib. Bildirib ki, təqsirləndirilən şəxsləri tanımır və onlara qarşı tələbi yoxdur.
İclasda Nardaran sakini Əli Nurməmmədov da ifadə verib. O, Taleh Bağırzadəni tanısa da, xütbə oxuduğu məclislərdə iştirak etmədiyini deyib. Bildirib ki, bir müddət əvvəl onu və digər şahidləri Sabunçu rayon Polis İdarəsinə aparıblar. Orada bir müddət oturandan sonra çıxıb gedib. Onunla hər hansı söhbət aparılmayıb və oraya niyə aparılmalarının səbəbini bilmir. Şahid sualların çoxuna "xatırlamıram" cavabını verib. Vəkil Yalçın İmanov isə şahidin nədənsə qorxduğunu, narahat olduğunu deyib. Hakim ondan məhkəməyə kim tərəfindən çağırıldığını soruşub. Şahid məhkəməyə polislər tərəfindən çağırıldığını deyib: "Polisdən zəng edib dedilər ki, məhkəməyə gəlim".
Vəkil Yalçın İmanov isə deyib ki, məhkəmə şahidi çağırmayıb: "Siz məktub göndərməmisiniz şahidə. Amma yenə də polislər öz işlərindədilər".
Hakim isə ona "Siz dediniz mən də eşitdim, araşdırarıq. Mən polislərin yerinə cavab verən deyiləm"- deyib. Daha sonra şahidin istintaq zamanı verdiyi ifadə elan edilib. O, istintaq zamanı ifadəsində Taleh Bağırzadənin İslam dövləti qurmaq istədiyini deyib. Lakin şahid belə ifadə vermədiyini deyib.
Təqsirləndirilən Cabbar Cabbarov isə deyib ki, adamlar gəlib qorxa-qorxa ifadə verirlər: "Bacarmırsınız, postu təhvil verin. Siz bizi bir həftə fırlatdınız. Məsuliyyətsizlik edirsiniz". Hakim isə ona irad tutaraq sakit olmasını tələb edib. Bildirib ki, əks halda zaldan çıxarılacaq. C. Cabbarov isə yalan nəsə demədiyini bildirib. Hakim iclasın noyabrın 11-də davam edəcəyini deyib.
T. Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.
F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.