Gözəl Bayramlını təhdid edən şəxs tapılıb

Gözəl Bayramlını təhdid edən şəxs tapılıb
4 Noyabr 2016
Mətni dəyiş
Suraxanı rayon polisi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlını ölümlə hədələyənin şəxsiyyətini aşkar etdiyini bildirir.
Bu səbəbdən onu noyabrın 3-də polis idarəsinə dəvət ediblər. Azadlıq Radiosunun məlumatına görə, bu haqda Gözəl Bayramlının özü məlumat verib.
“Həmin şəxsi tapdıqlarını bildirdilər. Məni ölümlə təhdid etdiyini etiraf edən şəxsin iddiasına görə, guya zəng etdiyi nömrənin mənə məxsus olmasından xəbəri olmayıb”, deyən siyasətçi onu hədələyənin tapılmasının gülünc və şübhəli olduğunu bildirib.
Gözəl Bayramlının fikrincə, “hədələyənin tapılması” qurama oyundur. G. Bayramlı bildirib ki, hədələndikdən sonrakı gün sosial şəbəkələrdə də ölümlə təhdid edilib, elektron poçtuna eyni məzmunlu məktublar yazılıb.
“Bu hadisədə hər iki məqam arasındakı əlaqə o qədər qabarıq görünür ki, bu işin bir mənbədən idarə olunduğuna, təşkilatçıların eyni adamlar olduğuna zərrə qədər şübhə yeri qalmır”, deyən G.Bayramlı ona edilən hədələrin əsas mənbəyinin kənarda tutulduğunu qeyd edib.
G. Bayramlı oktyabrın 14-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrıldığını xatırladaraq, ondan sonra üzləşdiyi bütün basqıların eyni mənbədən qaynaqlandığını ifadə edib. Ona Gözəl Bayramlıya Facebook səhifəsində bəzi statusları irad kimi bildirilmişdi.
G. Bayramlı oktyabrın 28-də ölümlə hədələndiyini açıqlamışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun