11 Noyabr 2016
Mətni dəyiş
Noyabrın 11-i saat 16:00-da Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində Faiq Əmirli barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair prokurorluğun vəsatətinə hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.
Məlumatı vəkil Aqil Layıc yayıb.
Vəkili bir neçə gün əvvəl isə Faiq Əmirlinin mədə ağrılarından əziyyət çəkdiyini bildirmişdi.
Xatırladaq ki, F. Əmirli avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.
F.Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen tərəfdarlarının "Hizmet" hərəkatının imamı kimi təqdim edir.
AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.
Türkiyə hökumət rəsmiləri iyulun 15-də ölkələrində baş verən çevriliş cəhdini Fethullah Gülenin himayə etdiyini bildirir. Hazırda ABŞ-da yaşayan ilahiyyatçı F. Gülen isə bu iddiaları yalanlayıb.