ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bridget Brink Azərbaycana səfərinin yekunları ilə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyində mətbuat konfransı keçirib.
O, səfəri zamanı Azərbaycan prezidenti, xarici işlər naziri, vətəndaş cəmiyyətinin təmsilçiləri və müxalif siyasi partiyaların rəhbərləri ilə görüşüb.
[caption id="attachment_15375" align="alignnone" width="610"]
Bridget Brink[/caption]
Xanım Brink görüşlərin çox məhsuldar keçdiyini deyib:
"Mənim səfərimin məqsədi azad, müstəqil, sabit və demokratik inkişaf edən Azərbaycanla bağlıdır. Görüşlərim zamanı Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərdə əldə edilmiş inkişaf perspektivlərini müzakirə etdik. Eyni zamanda, təhlükəsizlik, terrorizmə, transmilli cinayətkarlığa, korrupsiyaya qarşı mübarizə, məhkəmə-hüquq sistemi, iqtisadi əməkdaşlıq, enerji, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi apardıq. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında vacib rolunu qeyd etdik”.
ABŞ dövlət katibinin köməkçisinin müavini müzakirələrdə Azərbaycanın iqtisadi inkişafına dair planlarının və demokratiya sahəsində fəaliyyətininn nəzərdən keçirildiyini deyib.
“İqtisadi islahatlar Azərbaycanda korrupsiyanın səviyyəsinin aşağı salınmasına, şəffaflığın artırılmasına kömək edəcək”.
Xanım Brink prezident İlham Əliyevin xarici donorlar tərəfindən Azərbaycanda qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında fərmanını müsbət qiymətləndirdiyini deyib.
“Bu fərman xaricdən gələn qranlara təkan verəcək”.
O, görüşləri zamanı həbsdə olan REAL Hərəkatının lideri İlqar Məmmədovla və demokratiya ilə bağlı məslələrə toxunduğunu bildirib.
“Demokratik cəmiyyətlərdə media azadlığı, sərbəst toplaşmaq azadlığı, vətəndaş cəmiyyəti demokratiyanın inkişafında mühüm rol oynayır”.
ABŞ dövlət katibinin köməkçisinin müavini bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur: “ABŞ tərəflərlə işlərini davam etdirərək davamlı və hərtərəfli sülhə nail olmağa sadiq olduğunu bildirir”.
Xanım Brink ATƏT-in Minsk Qrupunda amerikalı həmsədr James Warlickin başqa diplomatla əvəzlənəcəyini təsdiqləsə də, Warlicki kimin əvəz edəcəyi barədə məlumat verməyib: “Ceyms Uorlikin fəaliyyətini yüksək qiymətləndiririk”.
ABŞ dövlət katibinin köməkçisinin müavini Amerikanın Səsinin danışıqlarda demokratiya sahəsində hansı irəliləyişin olması və “AzadlıqRadisounun” Bakı ofisinin açılacağı ilə bağlı razılığın olub-olmaması barədə sualından yayınıb.
“Diplomatiyanın əsas qaydalarından biri odur ki, gələcək planlar barədə düşünmürsən. Prezidenrtin qrantlar barədə imzaladığı fərmanı yüksək qiymətləndiririk”, o suala qeyri-müəyyən cavab verib.
Xanım Brink İlqar Məmmədovun həbsdən azad edilməsi barədə Avropa Məhkəməsinin qərarının yerinə yetirilməməsi barədə sualın cavabında bildirib ki, danışıqları barədə geniş danışmaq istəmir.
“Amma, bu məsələ bizim üçün çox vacibdir. Avropa Məhkəməsinin qərarı da bizim üçün çox vacibdir. Əsas azadlıqlar, mətbuat azadlığı, toplaşmaq azadlığı, tənqidi səslərin olması demokratik cəmiyyətin inkişafı üçün çox vacibdir. Burada ABŞ təcrübəsi var. ABŞ adminsistrasiyasının işçisi kimi mən də tənqidə məruz qalıram. Tənqid demokratik cəmiyyətin gücüdür”, o qeyd edib.