3 Noyabr 2016
Mətni dəyiş
Noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində N!DA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun məhkəməsi başlayır.
Hazırlıq iclası saat 10:30-da keçiriləcək.
Vəkili Elçin Sadıqovun bildirdiyinə görə, cinayət işi Eynulla Vəliyevin icraatına verilib.
Qeyd edək ki, Nida Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimov və Bayram Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.
İttihamlar təsdiqlənərsə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözlənilir.
Lakin Bayram Məmmədov bu ittihamı rədd edərək bildirib ki, digər gənc fəal Qiyas İbrahimov ilə birlikdə Heydər Əliyevin abidəsinin üzərinə “Qul bayramınız mübarək!” və s. yazdıqları üçün həbs olunublar.
Xatırladaq ki, Qiyas İbrahimova oktyabrın 25-i Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə 10 il həbs cəzası verilib.