Keçmiş prezident Heydər Əliyevin heykəlinə şüar yazmış gənclərdən daha birinin – NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun məhkəməsi başlayıb. Gənc fəalın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Eynulla Vəliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Noyabrın 4-də iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Eynulla Vəliyev gənc fəaldan işə baxan hakimlər heyətinə etirazı olub-olmadığını soruşanda, Bayram Məmmədovun cavabı belə olub: «Mənim etirazım bu cür dövlətçilik sisteminə və prezidentədir. Sizin yerinizdə kimin oturmasının mənim üçün heç bir fərqi yoxdur. Onsuz da bura məndən ötrü tamaşa zalıdır – Musiqili Komediya Teatrı. Quruluşçu rejissor da İlham Əliyevdir».
Hakim onun sözünü kəsib və məhkəmə qaydalarına əməl etməyə çağırıb.
«Mən azad insanam, sözümü deyirəm. Belədirsə, verin 12 ili, çıxım gedim», – Bayram Məmmədov deyib.
Hakim də gənc fəala belə cavab verib: «Özün bilərsən, çıxıb getmək istəyirsən, gedərsən...».
«İFADƏ VERMƏYƏ MƏCBUR EDİLİB»
Bayram Məmmədovun vəkili Elçin Sadıqov gənc fəal barəsində cinayət işinə xitam verilməsi, həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatətlər qaldırıb. O, bir sıra sənədlərin sübutlar siyahısından çıxarılması, bəzi qurumlara sorğu göndərilib iş üçün əhəmiyyətli sübutların alınmasını da istəyib.
«Bayram Məmmədovun əməlində cinayət tərkibi yoxdur. İşin içindəki sənədlər də bunu sübut edir. O, işgəncə altında etirafedici ifadə verməyə məcbur edilib. Onun narkotik satması ittihamı üzrə bu ifadədən başqa heç bir sübut yoxdur. Biz istintaq zamanı narkotikin üzərindən barmaq izlərinin götürülməsi barədə vəsatət qaldırdıq, amma təmin olunmadı. Əgər götürülsəydi, məlum olardı ki, üzərindən və evindən tapıldığı iddia olunan narkotikin Bayrama heç bir aidiyyəti yoxdur. Ona görə də cinayət işinə xitam verilməlidir», – Elçin Sadıqov vəsatətini belə əsaslandırıb.
E.Sadıqov həmçinin vəsatət qaldırıb ki, Bayram həbs edilərkən ona dövlət hesabına təyin olunmuş müdafiəçi Hilal Bağırovun həmin gün vəkil kimi çıxdığı işlərin siyahısının alınması üçün Vəkillər Kollegiyasına sorğu göndərilsin. Vəkilin sözlərinə görə, bu işdə hal şahidi olan şəxslərin bir sıra başqa narkotik işlərində də eyni statusla iştirak etməsi, onların Bakı Şəhər Baş Polis İdarəsinin qeyri-rəsmi əməkdaşları olması barədə dəqiq məlumatları var. E.Sadıqov həmin cinayət işləri barədə informasiya alınmasından ötrü Bakı Ağır Cinayətlər, Sabunçu və Suraxanı rayon məhkəmələrinə də sorğu verilməsini istəyib.