Fredoom House beynəlxalq hüquq müdafiə təşkilatı dünyada İnternet azadlığı sahəsində vəziyyət haqqında illik hesabatını dərc edib.
Vəziyyət 100 ballıq sistem üzrə qiymətləndirilib və Azərbaycan 57 balla İnternetin qismən azad olduğu ölkələr sırasında yer alıb.
Gürcüstan və Ermənistan 25 və 30 balla azad ölkələr arasındadır. Azərbaycanın digər qonşuları - Türkiyə (61), Rusiya (65) və İran (87) isə qeyri-azad dövlətlər arasındadır.
Araşdırma müəllifləri hesab edirlər ki, müstəqil və müxalif KİV-lərə təzyiqin davam etməsi, habelə onlayn fəalların həbsləri Azərbaycanda ifadə azadlığı üçün məkanı məhdudlaşdırır. Jurnalistlər, şərhçilər və sadə internet istifadəçiləri arasında özünüsenzura mövcuddur.
Hökumətin təzyiqi internet-blogerlərin və fəalların İnternetdə tənqidi materiallar dərc etmək imkanlarını əlindən alır. Özünüsenzura sosial şəbəkə istifadəçiləri arasında geniş yayılıb, onlar bilirlər ki, internetdəki ifadələrinə görə cinayət ittihamları irəli sürülə bilər.
Müxalif "Azadlıq" qəzetinin redaktoru Rahim Hacıyev deyib ki, internetdə nəşrlərinə görə həbs edilənlərin sayı sosial media istifadəçilərini öz fikrini azad ifadə etməkdən çəkindirir.
Hakimiyyətin vətəndaş cəmiyyəti layihələrinin maliyyələşdirilməsi üçün yaratdığı çətinliklərlə əlaqədar bir sıra internet resurslarının, o cümlədən Mediaforum.az, Obyektiv TV, Zerkalo/Ayna qəzeti, xaricdən maliyyə yardımı alan yerli QHT və KİV-lərin saytları bağlanıb. Bir müddət əvvəl AzadlıqRadiosunun yerli xidməti bağlanıb.
Fəallar informasiya yaymaq və kampaniyalar təşkil etmək üçün sosial media platformalarından istifadə etməyə davam edir, baxmayaraq ki, onların əhatə dairəsi kifayət qədər məhdudlaşdırılıb.
2016-cı ilin aprelində prokurorluq xaricdən yayınlanan "Meydan TV" müstəqil internet televiziyasına qarşı qanunsuz sahibkarlıq fəaliyyəti, vergi ödənişindən yayınma, habelə sui-istifadə ittihamları ilə cinayət işi açıb. On beş nəfər istintaqa cəlb olunub. Məşhur bloger Mehman Hüseynov 2014-cü il noyabrın 29-da saxlanılıb, onun pasportu və şəxsiyyət vəsiqəsi əlindən alınıb. O, sənədləri olmadan ölkəni tərk edə bilmir və bir müddət əvvəl ona xuliqanlıq və polisə müqavimət ittihamları irəli sürülüb.
Tələbə bloger Xalid Xanlarov 2016-cı il yanvarın 23-də polisə müqavimətə görə 25 sutka həbs edilib. Amma polis onu sosial şəbəkələrdə fəaliyyəti haqqında dindirib. Xanlarov Facebookda satirik "Ditdili" səhifəsini idarə edir.
Bloger Hüseyn Əzizoğlu 2016-cı il yanvarın 8-də həbs olunub və 15 sutka cəza alıb. O, Facebookda "Üç üz" səhifəsində hüquq-mühafizə orqanlarını ələ salan video paylaşıb. Video onun səhifəsindən silinib.
2016-cı ilin martında prezidentin əvf fərmanı imzalamasına baxmayaraq, bir çox internet fəalları hələ də həbsdədir. Onlar arasında Əbdül Əbilov, Araz Quliyev, İlkin Rüstəmzadə, Nicat Əliyev, Rəşad Ramazanov var.
Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı bildirir ki, internet hökumətin güclü nəzarəti altındadır. Rabitə Nazirliyi bütün telekommunikasiya şirkətlərinin Dövlət Təhlükəsizlik Xidmətinə (əvvəl Milli Təhlükəsizlik Nazirliyi) öz avadanlıqlarına çıxış verməsini tələb edir. İstifadəçilərin telefon danışıqlarının məzmununun və elektron poçtunun məhkəmə qərarı olmadan dinlənildiyi və izlənildiyini hallar məlumdur.
İslamazeri.az saytı 2015-ci ilin noyabrında və dekabrında kiberhücumlar haqqında məlumat yayıb ki, bu da Nardaranda qarşıdurmalarla eyni vaxta təsadüf edib. Sonradan sayt bağlanıb.
2016-cı il fevralın 1-də Cenubnews saytı kiberhücum olduğunu bildirib, bu, saytdan istifadəni qeyri-mümkün edib.
2015-ci ilin dekabrında Azərbaycan parlamenti parlamentin veb saytına kiberhücum olduğunu bildirib və bunda erməni hakerləri ittiham edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Fövqəladı Hallar Nazirliyinin saytında da bu cür hallar olub.