17 Noyabr 2016
Mətni dəyiş
Parlamentin hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsi cümə axşamı Cinayət-Prosessual Məcəlləyə hüquq-mühafizə orqanlarının hal şahidləri olmadan axtarış və müsadirə həyata keçirməsinə imkan verən düzəlişlər layihəsini təsdiq edib.
Parlamentdəki mənbənin Turan-a verdiyi məlumata görə, xüsusən CPM-in 236.4 və 244.1-ci maddələrə düzəlişlər bundan sonra prosesin video çəkilişi aparılırsa, hüquq-mühafizə orqanları əməkdaşlarının hal şahidləri olmadan da axtarış və müsadirə həyata keçirə biləcəyini nəzərdə tutur.
Qeyd edək ki, son illər hal şahidləri kimi gizlincə polis və ya digər hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edən şəxslərdən istifadə olunur. Belə hallar xüsusən gənc fəalların işlərində olub. Vəkillər eyni şəxslərin eyni zamanda bir neçə işdə hal şahidi kimi iştirak etdiyinə dəlillər göstərib ki, bu da araşdırma prosesininin özünü şübhə altına qoyur.