21 Noyabr 2016
Mətni dəyiş
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Asif Yusiflinin həbsinin qalan hissəsindən azad edilməməsi barədə məhkəmə qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib.
Bu barədə vəkil Fəxrəddin Mehdiyev məlumat verib.
Vəkilin sözlərinə görə, Cinayət Məcəlləsində edilmiş dəyişiklikdən sonra Nizami Rayon Məhkəməsi Asif Yusifliyə ittihamı məcəllənin 178.3 maddəsindən 178.2-ci maddəsinə dəyişib. Məhkəmədə Qarabağ əlili olan A.Yusiflinin cəzaçəkmə rejimi dəyişdirilib, ancaq barəsindəki hökm əvvəlki kimi saxlanıb.
Vəkilləri bunu ədalətli hesab etmirlər. Onların fikrincə, A.Yusifli barədə hökm də dəyişdirilməlidir.
Ancaq Bakı Apelyasiya Məhkəməsi onların bu istəyini rədd edib.
Ali Məhkəmə apelyasiya instansiyasının həmin qərarından verilən şikayətə baxacaq. Məhkəmənin vaxtı, hələ, bəlli deyil.
A.Yusifli 2014-cü il noyabrın 25-də fırıldaqçılıq (178-ci maddə) və sənədlərin saxtalaşdırılması (320-ci maddə) ittihamı ilə saxlanıb. İttihamnamədə bildirilir ki, iş üzrə zərərçəkmiş Fəridə Zülfüqarova Təhsil Nazirliyinin əməkdaşı Rafiq Hüseynova çatdırmaqdan ötrü A. Yusifliyə 6500 manat verib.
Məhkəmə prosesi zamanı Rafiq Hüseynov etiraf edib ki, pulu alıb və A.Yusiflinin burada təqsiri yoxdur. Zülfüqarova da ziyanın ona ödənilməsi ilə əlaqədar şikayətdən imtina edib.
Lakin 2015-ci il iyulun 30-da A.Yusifli fırıldaqçılıqda və sənədləri saxtalaşdırmaqda təqsirli bilinib və 7,5 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan apelyasiya məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
Azərbaycan Ali Məhkəməsi 2015-ci il mayın 4-də Asif Yusiflinin kassasiya şikayətinə baxıb və cəza müddətini 6 ilə endirib.
A.Yusifli ittihamı qəbul etmir, bunu siyasi sifariş hesab edir.