Ailədaxili münaqişələrin ana səbəbi - Nuriyyə Ağazadə

Ailədaxili münaqişələrin ana səbəbi - Nuriyyə Ağazadə
1 Noyabr 2016
Mətni dəyiş
Ağazadə Nuriyyə
Növbəti dəfə ailə münaqişəsi zəminində qadın ölümünə səbəb hadisə Qəbələ rayonunun Kürd kəndindən gəldi. 1991-ci il təvəllüdlü, 25 yaşlı 3 uşaq anası Verdiyeva Səbinə Məzahir qızın əri tərəfindən vəhşicəsinə döyülüb öldürüldü.
İndi durub obrazlı ifadələrlə, bədii ədəbiyyatımızdan nadir inciləri seçərək, gözlərinizdən muncuq-muncuq yaş tökülənədək, Xoşqədəmin məlum proqramının izləyicilərini ekran başına yığdığı kimi, eynən sizi sanal aləmə toplayıb “Qadına şiddətə yox!” deyib, hüznlü moizə oxumayacam.
Niyə? Çünki xəcalət çəkirəm. Çünki biz ölkə olaraq nə Afrika qitəsində, nə Əfqanıstanda, nə də Pakistanda və s. kimi sivilizasiyanın gecikdiyi, Allahın belə unutduğu məmləkətdə yaşamırıq. Dediyimiz nöqsanların mənbəyi də, mənşəyi də təəssüf ki, hələ də təhsilsizlik, savadsızlıq mühitində çabalayan cəmiyyətimizdə adıçəkilən səbəblərdən qaynaqlanan sosial-iqtisadi problemlərin yaratdığı qütbləşmədir. Yəni ailədaxili münaqişələrin ana səbəbi qeyri-normal yaşam şərtləridir.
Ölünün arxasınca danışmazlar prinsipiylə yanaşaraq mərhumun şəxsinə xüsusi söyləyəcək fikrim yoxdur. Lakin rəhmətliyin simasında yaşı 25-27-ə qədər olan bütün gənc qadınlara buradan xitab etməyi özümə borc bilirəm. Axı sənin nəyinə gərəkdir bu yaşda 3-4 uşaq sahibi olursan? Özü də kimdən, potensial manyakdan, şizikdən, günü sabah müharibə başlasa gizlənməyə yer axtaran gədələrdən?
Və yaxud da özünü “ər” hesab edən kişiciklər, sən gör bir güngörməzinə şalvar ala bilirsənmi? Soruşsan, deyəcək alacağım qız nəinki bakirə, üzündən doğma atası öpməmiş qız olsun! Təzə metod tapıblar; feodalizmin müasir maskası olan mentalitet pərdəsi altında etdiklərinə “namus üstə öldürdüm”, “əxlaqsız idi” və s. kimi qarayaxmalarla haqq qazandırırlar.
Daha demirlər ki, ər kimi evi idarə edə bilmirdim, kişi kimi hünərim çatmırdı ailə saxlayım, başqalarının arvadlarına xor baxdığım üçün öz qadınıma da heç güvənmədim. Beldən aşağı orqanımla düşündüm. Psixologiyam gərəksiz nəslimi artırmağa hesablanıb.
Keçək qadınlara: Qadın! Sən, 17 yaşındaykən, əlindən kitab düşməmək əvəzinə, gözün orda-burda oynayıb, zehnini, enerjini eşq-meşqlə məşğul edəndə, bircə ərə gedib bu “xaraba”dan qurtulmaq xüylayalarında olmasaydın “ay dədə, gəl məni apar, bu gədə məni öldürür” deyəcək durumuna düşməzdin. Vacib deyil ali məktəb, akademiya bitirəsən. Ən azından sənət öyrən, maariflən, dünyaya bir barmaq da olsa açıl.
Gələcəyin potensial cin-balalarını törətməklə milli demoqrafiyamıza öz “töhfə”lərini vermə. Sonda sözüm əksər valideynlərədir. Sizi and verirəm Allahınıza, valideynlər (əgər hələ də bu məsuliyyəti dərk etmə qabiliyyətindəsinizsə), doğduqlarınıza sahib çıxın. Oğullarınızı qanqster, qızlarınızı “kölə İzaura” kimi tərbiyələndirməyin. Övladlarınıza aşıladığınız bu tip səhv əxlaqi yanaşmanın sonu, sizin övlad dağı görmək faciənizlə nəticələnir, biləsiniz!
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun