ABŞ seçkiləri 2016: Donald Trump-ın qələbəsinin 5 səbəbi
9 Noyabr 2016
Mətni dəyiş
Donald Trump bir ildən artıqdır ki, davam edən seçki kampaniyasının əvvəlindən bütün gözləntiləri dəf edərək qələbə qazandı. O, buna necə nail oldu?
BBC-nin Şimali Amerika üzrə müxbiri Anthony Zurcher bu suala cavab tapmağa çalışıb.
Donald Trump-ın öz namizədliyini irəli sürəcəyini cəmi bir neçə adam proqnoz edirdi. Lakin cənab Trump seçkilərdə işrirak etməyə qərar verdi. Onun reytinqlərinin yuxarı olmayacağını proqnoz edirdilər. Lakin bu proqnoz da özünü doğrultmadı. Deyirdilər ki, o, praymeriz seçkilərini qazanmayacaq. Hərçənd ki, Trump bunun öhdəsindən də gəldi. Ehtimal edilirdi ki, o, Respublikaçıların vahid namizədi olmayacaq, lakin Trump buna da nail oldu.
Və nəhayət, iddia edilirdi ki, Trump seçkilərdə qələbə qazanmayacaq. Lakin bütün proqnozları dəf etmiş Donald Trump artıq seçilmiş prezidentdir.
Trump-ın bir çoxları üçün gözlənilməz qələbəsinin 5 səbəbi bunlardır:
Seçici səfərbərliyi
Tərəddüd edən Ohio, Florida və Şimali Carolina ştatları həlledici seçimi Donald Trump-ın xeyrinə etdi.
Clinton-un düşərgəsinin ümidləri ölkənin Mərkəz-Qərbindəki ştatlarla bağlı idi. Bu ştatlardakı qaradərili və ağdərili fəhlə təbəqəsi onilliklər boyu demokratlara səs verirdi.
Lakin bu seçkilərdə, xüsusən də, ali təhsili olmayan ağdərili fəhlələr ənənəvi dəstəklədiyi partiyadan üz döndərdilər. Hakim dairələrin, siyasi elitanın, onlara diqqət yetirmədiyini düşünən kənd sakinləri kütləvi şəkildə seçki məntəqələrinə gələrək öz seçimini etdilər. Beləliklə Virginia və Colorado Trump-a dəstək verdi.
Bunun ardınca Wisconsin-də səsvermə Hillary Clinton-un prezidenlik ümidlərini puça çıxartdı.
Xanım Clinton Californiya və New York kimi yerlərdə ən çox səs toplayıb. O, ən həlledici məğlubiyyətlə isə Utah kimi ənənəvi respublikaçı ştatlarında üzləşib.
Trump-ı dəstəkləməyə meylli olan ştatlarda respublikaçı namizədin qələbəsi inandırıcı olub.
Mübarizədən çəkinməyən Donald
Kampaniya gedişatında cənab Trump müharibə veteranı, senator John McCain-i təhqir etdi. O, Fox News kanalı və onun populyar aparıcısı Megyn Kelly ilə mübahisəyə girməkdən də çəkinməyib.
Lakin gözəllik müsabiqəsi qalibinin çəkisi ilə bağlı istehzalı şərhlərə gəlincə Trump sözlərindən imtina etdi. O, həmçinin qadınlara qarşı seksual zəminli şərhlərinə görə üzrxahlığını bildirdi.
Donald Trump-ın televiziya debatlarına zəif hazırlandığı hiss olunurdu. Lakin bunların hamısı respublikaçı namizədə sanki təsirsiz ötüşdü.
Ən uğursuz hadisələrdən sonra onun reytinqi aşağı düşsə də, Trump-a olan dəstək səviyyəsi dəyişməz olaraq yüksək qalırdı.
Ola bilsin ki, qalmaqallı məsələlərin tez-tez qaldırılması onların effektini zəiflədib. Səbəblərdən asılı olmayaraq Trump-ın müdafiəsini yarmaq mümkün olmayıb.
Kənar şəxs
Kampaniyanın gedişatında Demokratlara qarşı mübarizə aparan Trump həm də öz partiyasının daxilində müqavimətlə üzləşib.
O, hər iki halda qarşısındakı maneələri dəf edə bilib.
Donald Trump Respublikaçı partiyasında Marco Rubio, Ted Cruz, Chris Christie və Ben Carson kimi rəqiblərini qətiyyətlə məğlub edib.
Jeb Bush və Ohio qubernatoru John Kasich artıq partiyada aparıcı mövqelərə malik deyillər. Cənab Trump-ın onların köməyinə ehtiyacı yoxdur. Ola bilsin ki, partiya liderlərinə qarşı çıxmaq Trump-ın uğurunun səbəblərindən biridir.
Donald Trump "hamısı rədd olsun" deməklə hakim dairələrdən fərqli olduğunu göstərib. Hakim dairələrə qarşı etiraz hisslərinin olduğu bir vaxtda bu, uduşlu gediş idi. Washington-un hakim dairələrinə aiddiyyatı olmadığını Bernie Sanders və Ted Cruz da nümayiş etdirib. Lakin Donald Trump kənar namizəd rolunu daha məharətlə yerinə yetirib. Bu, ona prezidentliyi qazandıran amillərdən biridir.
Comey faktoru
Seçkilərin son mərhələsində namizədlərin reytinqləri demək olar ki, yaxın idi. Səsverməyə iki həftə qalmış FTB direktoru James Comey elan etdi ki, Hillary Clintonun dövlət katibi olarkən şəxsi e-maildən istifadəsilə bağlı ikinci araşdırma başlanır.
Belə görünür ki, FTB-nin e-mail araşdırması ilə bağl ilk bəyanatdan sonra Trump öz seçicilərini səfərbər etməyə nail oldu. O, qatı mühəfizakarların dəstəyini təmin etməklə yanaşı Clintonu cazibədar yekun mesaj vermək fürsətindən məhrum etdi.
Təbii ki, xanım Clinton Dövlət Departamentinin e-mail sistemindən istifadə etsə idi, bu məsələ heç bir vaxt gündəmə gəlməzdi. Bunun məsuliyyəti Clintonun üzərinə düşür.
Daxili instiktlərinə inam
Cənab Trump ən qeyri-adi siyasi kampaniyalarından birisini aparıb. O, seçicilərlə görüşlərə üstünlük verib.
Trump mütəxəssislərin məsləhətinə əks olaraq adətən demokratlara səs verən Wisconsin və Michigan ştatlarına baş çəkib. O, qapı-qapı gəzib seçicilərlə görüşmək əvəzinə izdihamlı mitinqlər keçirib.
Donald Trump qələbə qazanmanın qəbul olunmuş qaydalarını alt-üst edib.
Onun qərarları seçki ekspertləri dairələrində lağa qoyulsa da, nəticə verib. Nəticədə cənab Trump, ekspertlərin proqnozlarına rəğmən ABŞ prezidentliyini qazanıb.