ABŞ-ın ATƏT-dəki missiyası İlqar Məmmədovu azad etməyə çağırır

ABŞ-ın ATƏT-dəki missiyası İlqar Məmmədovu azad etməyə çağırır
25 Noyabr 2016
Mətni dəyiş
ABŞ-ın ATƏT-dəki missiyası Azərbaycanın Ali Məhkəməsi tərəfindən REAL hərəkatının sədri İlqar Məmmədovun appelyasiyasına verilən imtina qərarına dair narahatlıq bildirənlərə qoşulur. Bu batrədə ABŞ-ın Azərbaycandakı səfirliyi sosial şəbəkədəki səhifəsində məlumat yayıb.
“ABŞ-ın ATƏT-dəki missiyası həmçinin Azərbaycan rəsmilərini cənab Məmmədova qarşı irəli sürülən bütün ittihamları aradan qaldırmağa, onun haqqında Avropa İnsan Haqqları Məhkəməsinin verdiyi qərara riayaət etməyə çağırır”, missiyanın bəyanatında deyilir.
Noyabrın 18-də Azərbaycan Ali Məhkəməsi hakim Əli Seyfəliyevin sədrliyi ilə REAL Hərəkatının lideri, həbsdə olan İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun kassasiya şikayətini təmin etməyib.
İ.Məmmədov və T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham edilərək mühakimə olunub və müvafiq olaraq 7 və 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Tofiq Yaqublu 2016-cı il martın 17-də prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.
Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb. Bu il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə isə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.
Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il 20-21 sentyabr iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu etiraf edib. Nazirlər Komitəsi Bakının AHİM-in qərarının icrasından imtina etməsini müzakirə edərək, İlqar Məmmədovun azadlığa buraxılmamasını AİHM-in qərarlarının məcburi icrasını tələb edən Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının 46.1-ci maddəsinin pozulması kimi qiymətləndirib.
Komitə Azərbaycan hakimiyyətini öz öhdəliklərini könüllü yerinə yetirməyə çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun