"2 milyon 800 min manat mənimsəmişəm, onu da yaxın zamanda ödəyəcəyəm"- keçmiş BTRİB rəhbəri

"2 milyon 800 min manat mənimsəmişəm, onu da yaxın zamanda ödəyəcəyəm"- keçmiş BTRİB rəhbəri
28 Noyabr 2016
Mətni dəyiş
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktlına münasibət bildirən Cəlil Cəfərov, Qəmbər Bəybalayev və Səhrab Hümbətov özlərini təqsirli bilmədiklərini deyiblər.
Daha sonra Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) keçmiş rəhbəri Beytulla Hüseynov ifadə verib. B. Hüseynov dəymiş ziyanı ödəməyə hazır olduğunu bildirib: "İttiham aktında olan rəqəmlərlə razı deyiləm, şişirdilmiş rəqəmlərdir. Bakı Telefon Rabitə İstehsalat Birliyində 2015-ci ildə orta aylıq əmək haqqı 700 manat idi. Mən icraçı adamam və bu vəzifəyə pillə-pillə gəlmişəm. Nazirliklə razılaşdırmışdıq ki, gəlirlərin 80 faizi nazirliyə verilsin, 20 faizi bizə qalsın. Əli Abbasov da bununla bağlı ifadə verib. Bizdə olan vəsaitin 6 faizi qovşaqlarda qalıb, 4 faizini isə paket vermişik. Dövlətə nə zərər vurmuşam, ödəməyə hazıram. Şəhid ailələrinə, əlillərə pulsuz telefon çəkmişdik. Avropa Oyunları zamanı bizə xüsusi tapşırıq verilmişdi. Sifarişçi “Azəryolservis” ASC idi. Biz işləri uğurla yerinə yetirdik, lakin ödəniləcək vəsaitin 4 faizini ala bilmədik. Gördüyümüz işlərə görə dövlətdən mükafat aldıq. Mən Qarabağ müharibəsi veteranıyam. Xahiş edirəm, bunları nəzərə alasınız".
Prokurorun sualların cavablandıran B. Hüseynov deyib ki, göstərişi rəhbərlikdən alıb. O, bildirib ki, rəhbərliyə 10 milyon yox, 22-24 milyon manat verib. Pulu kimə verdiyini isə açıqlamayıb: "Mənim mənimsədiyim 2 milyon 800 min manatdır. Onu da yaxın zamanda ödəyəcəyəm".
B. Hüseynov Avropa Oyunları zamanı görülən işlərlə bağlı 4 milyon 600 min manatı hələ də almadığını deyib.
Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib.
Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyənləşib.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun